.jpg)
Qədim dövrlərdə bir Azərbaycan musiqiçisinin bəstələdiyi və el xanəndələrinin ifasında bütün türk ellərinə yayılan "Sarı gəlin" xalq mahnımıza bədnam qonşularımızın sahib durmaq istədiyi yeni söhbət deyil. Qanı qanımızdan, canı canımızdan deyil onların. Amma torpağımızdan pay verdik, süfrəmizdən çörək qıydıq ermənilərə. Onlar isə, bizə "sağ ol" demək əvəzinə, milli-mənəvi dəyərlərimizə əl uzadırlar.
"Sarı gəlin"i hər yerdə erməni "xalq mahnısı" olaraq təqdim etməyə davam edirlər. Təəssüf ki, qardaş Türkiyədə də bizə aid olan bu xalq türküsünün ermənilərə məxsus olduğuna inananlar tapılır. Türkiyənin baş naziri hörmətli Rəcəb Tayyib Ərdoğan da, deyəsən, "Sarı gəlin"in azərbaycanlılara məxsus olduğuna şübhə ilə yanaşır. Mətbuatın verdiyi məlumata görə, R.T. Ərdoğan Hrant Dinkə sui-qəsdi ilə bağlı keçirilən məhkəmədə verilən "qruplaşma yoxdur" qərarına "hər şey aşkarlanacaq" zəmanətini verib. Hökumət olaraq onlardan asılı olanı etdiklərini deyən Ərdoğan, "Türkiyə artıq əvvəlki Türkiyə deyil. Heç kimin törətdikləri cəzasız qalmayacaq. Heç bir sui-qəsd, heç bir təxribat gizli qala bilməz. 6 fərqli dildə eyni melodiya ilə, eyni hisslərlə oxunan "Sarı gəlin" mahnısını Şişlidə atılan bir güllə susdura bilməz", deyib. Hörmətli Ərdoğanın "Sarı gəlin" açıqlaması sosial şəbəkələrdə Azərbaycan türkləri tərəfindən ciddi müzakirə olunur və şiddətlə qınanır. Bu barədə bizim qəzetlər yazıb. Bəllidir ki, müəlliflik hüququ məsələsi dünyada çox həssas bir mövzu kimi qəbul edilir. Mütəxəssislər bildirir ki, məsələ Azərbaycanla Ermənistan kimi aralarında problem olan dövlətlər üzərinə gəldikdə bu həssaslıq dəfələrlə artır. "Yeni Müsavat"ın yazdığına görə, qardaş ölkənin hökumət başçısının "altı fərqli dildə ... oxunan" ifadəsi isə adıçəkilən mahnının Azərbaycana aid olmasını şübhə altına alır: "Bundan başqa, ölkəmizlə bağlı hər çıxışında qardaş olduğumuzu dilə gətirən baş nazirin "bir güllə "Sarı gəlin"i susdura bilməz" deməsi olduqca üzücüdür. Çünki erməni əsilli Hrant Dinkin "Sarı gəlin"lə bir bağlılığı yoxdur, ola bilməz!". Azərbaycan xalqı üçün Ərdoğanın hansı səbəbdən belə bir fikir səsləndirməsi qaranlıqdır. Dəyərli baş nazir bu mahnının melodiyasının səslənməsindən bilməli idi ki, "Sarı gəlin"də Azərbaycan-türk ruhu var. Bu mahnı Araz qırağında yaşayan bir türk gözəlinə yazılıb. Tarixdən bəllidir ki, bizim qızlar qara göz, qara qaş olmaqla bərabər, həm də mavi, yaşıl gözlü, sarışın olublar. Sarı sözünün də rəng bildirməklə dilimizdə bir neçə məna daşıdığı məlumdur. Mütəxəssislər mahnının tarixi haqqında müxtəlif versiyalar söyləyir.
İnternet saytlarından birində yer alan bilgilərə görə, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt edib. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib. Təbii ki, bu öz təsdiqini tapmayıb, fərziyyədir.
Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, "Sarı gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.
Musiqiçi İbrahim Qasımovun fərziyyəsində də bu məqam öz əksini tapır. Ud ifaçısı onu da əlavə etdi ki, bu fakt Əzizə Cəfərzadənin tarixi əsərində yığcam şəkildə öz əksini tapıb: "Eyni zamanda, Anadolu türkləri də musiqi əsərinin onlara məxsus olduğu barədə müəyyən dövrlərdə iddialarla çıxış ediblər. Amma tarixi mənbələrdə buna rast gəlinməyib. Lakin bir çox araşdırmaçı və alimin dəstəklədiyi versiya bir qədər fərqlidir.Araşdırmalar göstərir ki, ermənilərin adqoyma mədəniyyətində, xüsusilə qadın və qızlar arasında birbaşa rəng adı ilə ad verilməsinə təsadüf olunmur". Alimlər qeyd edir ki, Sarı sözü təhrif olunub. Belə ki, əslində mahnının adındakı "sarı" "Sara" adının təhrif variantıdır. "Sarı gəlin" mahnısından sonra mətn-mənaca ona bağlı, onun davamiyyəti olan başqa bir mahnı - "Apardı sellər Saranı" meydana gəlmişdir. "Apardı sellər Saranı" mahnısından bir müddət sonra isə "Sarı gəlin" yallısı yaranır. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə bir neçə anlayışda - "rəng", "istiqamət", "yaramı sarı" və "ürəyimin sarı siminə toxunma" və s. sözlərdə istifadəsini tapır. "Sarı gəlin"in yaranma tarixini İslamdan əvvələ bağlayan bəzi tədqiqatçıların qeyd etdiyinə görə, bu mahnı Oğuz tayfaları ilə əlaqədar olub. Mahnının ən gözəl ifaçılarından biri xalq artisti Akif İslamzadə isə müsahibələrindən birində mahnı haqda bunları söyləyib: "Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb". A.İslamzadənin sözlərinə görə, mahnını ötən əsrdə yaşadan ifaçılardan biri babası, qarabağlı Bəbiş Qədimov olub. Musiqişünaslardan birinin dediyinə görə isə, Azərbaycan xalq mahnısı "Sarı gəlin" Azərbaycan Respublikası, İraq və Türkiyədə yaşayan türklər arasında geniş yayılmış bir türküdür. Lakin mahnının Azərbaycan türklərinə aid olmasına baxmayaraq, son dövrlərdə onu, türklərlə yanaşı, ermənilər də ifa edir. İfa etməkləri azmış kimi, onun özlərinə aid olduğu iddiası ilə hər yerdə şıxış edirlər. Bir məqamı qeyd edək ki, mahnının yaranması dövrü haqda fikirlər haçalanır. Yuxarıda bildirdik ki, bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər hesab edir ki, bu əsərin 150-200 illik tarixi var. Mahnının intonasiyasına görə isə, o çox arxaikdir - 3-4 notun üzərində qurulub. 2005-ci ildə "Altın kitab" nəşriyyatı tərəfindən buraxılan "Xalq mahnıları" kitabının məsləhətçısi professor Məhərrəm Qasımlı bizimlə söhbətində Türkiyə baş nazirinin bu cür söz işlətməsinə təəccübünü gizlətmədi. Onun sözlərinə görə, çıxışlarında Azərbaycan dövlətinə, xalqına dəstək nümayiş etdirən Ərdoğanın "6 fərqli dildə, eyni melodiya ilə, eyni hisslərlə söylənilən "Sarı gəlin" mahnısını Şişlidə atılan bir güllə susdura bilməz" ifadəsini anlamaqda çətinlik çəkir. Professor M.Qasımlı bildirdi ki, "Sarı gəlin"in Azərbaycan xalq mahnısı olmasını dərk etmək üçün heç də musiqi bilicisi olmaq tələb olunmur: "Bu mahnı Azərbaycan türklərinə aiddir. Bunu istənilən ekspert təsdiq edə bilər. "Sarı gəlin" bizim torpaqda yaranıb və mahnıda eşq nisgili, həzin bir kədər olduğu üçün maraq kəsb edib. O hər yerə bizim xanəndələrin dilindən yayılıb. Ermənilərə qətiyyən aidiyyəti yoxdur "Sarı gəlin"in. Bəyəm bunu türkiyəli xalq musiqisi araşdırmaçıları bilmir? Əlbəttə bilirlər. Ərdoğanın "Sarı gəlin"in bizə aid olduğunu şübhə altına alan açıqlaması hər bir azərbaycanlıda təəssüf hissi yaradır. "Sarı gəlin"in Türkiyədə Azərbaycan musiqiçilərinin ifasında təbliğatına başlanmalıdır. Başqa əlac yoxdur". Xatırladaq ki, mahnı həm insturmentalistlər, həm də müxtəlif nəsillərə mənsub Azərbaycan musiqiçiləri tərəfindən ifa edilib. Türkiyədə yaşayıb çalışan həmyerlimiz, tanınmış balaban ustası Əlixan Səmədov "Sarı gəlin"in yorulmaz təbliğatçısıdır. Amma nə onun, nə də müğənnilərimizin cəhdləri "Sarı gəlin" probleminə birdəfəlik son qoymur.
Təklif edərdik ki, ya Bakıda, ya da Ankarada, İstanbulda, fərqi yoxdur hansısa bir məkanda YUNESKO-nun, başqa nüfuzlu mədəniyyət qurumunun iştirakı ilə həm Türkiyənin, həm Azərbaycanın, həm də ermənilərin musiqişünas, folklor-etnoqrafiya sahələri üzrə aliləri bir araya gələrək "Sarı gəlin"i müzakirə etsinlər. Bu əsərin Azərbaycan xalqına aid olduğu bütün dünyaya bəyan edilsin. Bəlkə onda ermənilər qınına çəkildi. Yoxsa onlar elə-belə "Sarı gəlin"dən əl çəkməyəcəklər. Görün təbliğatı hansı səviyyədə aparıblar ki, Rəcəb Tayib Ərdoğan da dolayısı ilə bu mahnını Azərbaycan xalqından, xalq musiqisindən qoparmağa cəhd edən fikir səsləndirir...