.jpg)
Azərbaycan Respublikasının dövlət himni qəbul edildikdən indiyə qədər müzakirə edilməkdə davam edir. Bir ziyalı himnimizin yüksək səviyyədə olduğunu deyir, başqa birisi əksini iddia edir. Bir neçə fikir adamı hesab edir ki, sözləri Əhməd Cavada, musiqisi isə Üzeyir Hacıbəyova aid olan dövlət himnimizin nə mətni, nə də musiqisi himn tələblərinə cavab verir. Bu, himnimiz ətrafında açılan ilk müzakirə idi. Sonra bəzi alimlərimiz bildirdilər ki, himnin mətnini qeyd edildiyi kimi Əhməd Cavad deyil, Cəmo bəy Cəbrayılbəyli yazıb.
İyirmi ilə yaxındır himnimizin həqiqi müəllifinin kimliyi mətbuat tərəfindən araşdırılır. Ortada müxtəlif versiyalar mövcuddur. Hər bir tədqiqatçı öz fikirlərinin daha etibarlı olduğunu iddia edir. Himnin mətn müəllifinin Əhməd Cavad olduğunu irəli sürənlər də, onun Cəmo bəy Cəbrayılbəyli tərəfindən yazıldığında israr edənlər də çoxdur. Bu barədə mülahizə yürüdənlərin arasında bir nəfər də olsun təsadüfi adam yoxdur. Hamısı elm aləmində, jurnalistika, publisistika sahəsində sözünə etibar edilən şəxslərdir. Mərhum yazıçımız, professor Əzizə xanım Cəfərzadə də, ondan sonrakı nəslin nümayəndələri olan ədəbiyyatşünas alimlər Asif Rüstəmli, İlham Abbasov və başqaları da hesab edir ki, mətn Cəmo bəyə məxsusdur və onun müəlliflik haqqı bərpa edilməlidir. Son günlər bu məsələ yenidən geniş müzakirəyə çıxarılıb. Böyük bir qrup israr edir ki, himnin altından həqiqi mətn müəllifinin adı yazılmılıdır. Bir qisim alimlərin sözlərinə görə isə, mətbuatın illərdən bəri apardığı uğurlu təbliğat nəticəsində artıq çoxları himnin mətn müəllifinin Ə. Cavad olmadığını bilir. Odur ki, himnin altından Cəmo bəyin adı qeyd edilməyə də bilər. Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, tanınmış tarixçi alim Nəsiman Yaqublu bu cür düşüncədə olanlardandır. O hesab edir ki, himnin müəllifi məsələsinin geniş səviyyədə müzakirəyə çıxırılmısı yaxşı hal deyil. Onun sözlərinə görə, himnin altından Ə.Cavadın, yaxud C.Cəbrayılbəylinin adının yazılması heç nəyi dəyişməyəcək. Alim bu məsələyə birdəfəlik son qoyulmasını istəyir. N.Yaqublunun dediyinə görə, əsas himnin mətninin xalqımızın ruhunu, ərazi bütövlüyünü tam şəkildə ifadə etməsidir.
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Aydın Əzimov qəzetimizin ötən saylarından birinə verdiyi açıqlamada bildirirdi ki, bu məsələnin müzakirəsi yolverilməzdir. Vaxtilə himnin musiqisi üzərində işləyən A.Əzimovun dediyinə görə, dövlət himnimizin nə mətni, nə musiqisi, nə də müəllifləri təftiş edilməlidir: "İyirmi ildir bu himni müzakirə edirlər. Gah mətn müəllifini təftiş edirlər, gah deyirlər musiqisi zəifdir, gah da deyirlər ki, sözlərini filankəs yazmayıb başqası yazıb. O vaxt himnin üzərində işlədik, dövlətimiz də onu qəbul etdi. İndi durub bu barədə danışmaq, kimlərisə ittiham etmək yersizdir. Bütün kitablarda, dövlət müəssisələrində, digər qurumlarda himinin mətn müəllifi kimi Əhməd Cavad göstərilir. O insanların ruhunu incitmək günahdır. O qədər problemlər var ki, onlarla məşğul olmaq lazımdır. Bu haqda artıq heç nə danışmaq istəmirəm. Himn məsələsini bu qədər incələmək olmaz".
Tarixçi alimlərdən birinin dediyinə görə isə, "himnin mətn müəllifinin Cəmo bəy Cəbrayılbəyli olduğu himnin altından yazılmalıdır" fikrini ortaya atanlar düşünüb hərəkət etməlidir. Alimin sözlərinə görə, mətnin müəllifinin dəyişdirilməsi məsələsi həm böyük zaman, həm də külli məbləğdə vəsait tələb edir: "Uzun illərdir, himnin özü, mətn müəllifi haqda söz-söhbət, dava-qalmaqal davam edir. Bir alim deyir ki, bu himnin musiqisi də bizim deyil, o, Türkiyə ordusunun marşlarından biri olub və Üzeyir bəy də onu oradan götürüb. Belə də iftira olar? Başqa bir alim açıqlama verir ki, sözləri Cəmo bəyindir, bunun Əhməd Cavada dəxli yoxdur. Başqa birisi tamam başqa versiya ortaya çıxarır. Bu qədər söz-söhbət nəyə gərəkdir? İyirmi il əvvəl bu himn qəbul olunub. O vaxtkı tədqiqatçılar Milli Məclisi, dövlətimizi inandırmışdı ki, himnin mətnini Əhməd Cavad yazıb, musiqisini isə, Üzeyir Hacıbəyov bəstələyib. Bu yekdilliklə qəbul olunub. İndi "himinin sözlərini Cəmo bəy yazıb" deyənlər həmin dövrdə də tədqiqat işlərilə məşğul olurdular, bu sahəni araşdırırdılar. Niyə hökuməti səhv qərar qəbul etməyə qoyurdular? O vaxt müdaxilə etməliydilər. Mən bir tarixçi kimi ədalətin bərpa edilməsini istəyirəm. Amma bu gərək dövlətə və insanlara zərər vurmasın. Himnin mətninin hər yerdə dəyişdirilməsi böyük məbləğdə pul deməkdir. Gərək bütün dərsliklər, metodiki vəsaitlər dəyişdirilsin. Hər yerdə himnimizin həqiqi mətn müəllifinin adı qeyd edilsin. Bu da böyük vaxt itgisi deməkdir. Həm dərsliklərdə, həm başqa vəsaitlərdə himinin söz müəllifi kimi Əhməd Cavadın adı yazılıb. Xarici kitabxanalarda nə qədər kitabımız, jurnalımız, broşüralarımız var. Bəs onları nə edək? Burada hər şeyi dəyişsək də, onları dəyişə bilməyəcəyik. Bu da başqa bir mübahisə cığırı açacaq. Gələcək nəsillər bu qarışıqlığın içində başını itirəcək. Gərək başdan səhv edilməyəydi. İndi bu dəyişiklik xalqımıza heç nə verməyəcək. Sadəcə, yeni nəşr edilən kitablarda, vəsaitlərdə Əhməd Cavadın adı ilə yanaşı həmmüəllif kimi Cəmo bəy Cəbrayılbəylinin adı da qeyd edilməlidir. Bununla biz Cəmo bəyin haqqını özünə qaytara bilərik. Sovet Azərbaycanının himn mətninin altından Səməd Vurğunun, Süleyman Rüstəmin, Hüseyn Arifin və başqalarının adları yazılırdı. Bu varintdan istifadə edilə bilər. Yoxsa birdən-birə Ə.Cavadın adının götürülüb yerinə Cəmo bəy Cəbrayılbəylinin adının yazılması kütləvi çaşqınlığa səbəb olacaq".
Tarixçi alim həmçinin bildirdi ki, müharibə şəraitində yaşayan bir xalqın daha taleyüklü problemləri var, onunla məşğul olunsa çox yaxşı olar.
Tanınmış şair-publisist Taleh Həmid isə bizimlə söhbətində himnimizin mətn müəllifinin birmənalı olaraq Əhməd Cavad olduğunu bildirdi: "Mən anlaya bilmirəm, bu adamlar nəyə əsaslanıb belə bir hökm verirlər ki, mətni Cəmo bəy Cəbrayılbəyli yazıb? Həmin dövrdə Cəmo bəyin 12-13 yaşı vardı. Məntiqə əsaslansaq, o yaşda adamın bu səviyyədə mətn yazması inandırıcı deyil. Bildiyimə görə, o heç ədəbiyyat adamı da olmayıb. Birmənalı olaraq himinin mətn müəllifi Əhməd Cavaddır. Bu məsələyə birdəfəlik son qoyulmalıdır. Bilmirəm, himnin müəllifi məsələsini gündəmə gətirən adamların bu işdə nə marağı var? Üzeyir bəylə Əhməd Cavadın bir neçə əməkdaşlığı olub. Bu işbirliyinin nəticəsi kimi məşhur "Çırpınırdı Qara dəniz" əsəri, dövlət himnimiz və digər əsərlər meydana çıxıb. O vaxt Azərbaycan Demokratik Cumhuriyyətinin dövlət atributlarından biri olan himnimizin qəbul edilməsi üçün gizli müsabiqə elan edilmişdi.
Nəticəsi 1920-ci ildə elan edilməli idi. Lakin Cumhuriyyətin devrilməsi bu məsələni həyata keçməmiş qoydu. Sonra ikinci dəfə müstəqilliyimizi bərpa edəndə bu himn qəbul edildi. Ulu öndərimizin də himnimiz haqda çox yüksək fikirləri var. Himnin mətn müəllifinin adının dəyişdirilməsi mümkünsüz bir məsələdir. Himn elə-belə şey deyil. O dövlət atributudur. Onu isə heç kəs dəyişməyəcək. Bu dəyişikliyi istəyən adamlar niyə belə edirlər bilmirəm? Müəllif Əhməd Cavaddır. Onlar bilməlidir ki, Əhməd Cavad Cumhuriyyət dövründə çox yüksək mövqe tutan bir şəxsiyyət idi. Mətni ekspertlərə versinlər, qoy onlar araşdırıb görsünlər ki, o kimin dəsti-xəttinə, ruhuna uyğundur".