Zakir Qarayev: "Rusiya istehsalı olan bu avtomobillər nisbətən ucuz olsa da, müasir texniki tələblərə çavab vermir"
Natiq Ələkbərli: "Qəzaların hamısı yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır"
.jpg)
Avtomobil qəzaları bütün ölkələrdə bu və ya digər dərəcədə baş verir. Heç bir ölkə avtomobil qəzalarından tam sığortalanmayıb. Son vaxtlar Azərbaycanda avtomobil qəzalarının artması tendensiyası müşahidə olunur. Baxanda, bu bir növ təbii görünür ona görə ki, ölkədə avtomobillərin sayı durmadan artır.
Digər tərəfdən, avtomobillərin böyük əksəriyyəti məhz Bakıda cəmləşib və bu da, istər-istəməz, şəhərdə avtomobil sıxlığını artırır. Ancaq bir məqam da var ki, onu heç cürə qeyd etməmək olmaz. Məsələ ondadır ki, avtomobil qəzalarını daha çox Rusiya istehsalı olan VAZ 2107 markalı maşınlar törədir. Daha doğrusu, bu maşınları idarə edən sürücülər. Həmçinin, sözügedən avtomobillərin timsalında baş verən qəzalarda ölüm halları, digər xarici avtomobillərlə müqayisədə daha çox olur. Bəzi ekspertlər ümumiyyətlə Azərbaycana VAZ 2107 markalı minik avtomobillərin idxalının məhdudlaşdırılmasını təklif edir.
Avtomobil üzrə ekspert Zakir Qarayev hesab edir ki, qəzalar VAZ 2107-lərin üstünlük təşkil etməsi əsasən bu avtomobillərin texniki imkanları ilə əlaqədardır: "İş ondadır ki, Rusiya istehsalı olan bu avtomobillər nisbətən ucuz olsa da, müasir texniki tələblərə çavab vermir. Xarici avtomobillərdən fərqli olaraq, sözügedən avtomobillərdə sürət həddi çox olduqda sürücü idarəetməni daha tez itirir. Bununla belə, VAZ 2107 markalı avtomobillərdə qəza baş verən zaman qoruyucu yastıqlar yoxdur. Bu da avtomobil qəzaları zamanı sərnişin və sürücülər arasında ölüm hallarının çoxalmasına gətirib çıxarır. Ümumilikdə sözügedən avtomobillərin idxalının mərhələ-mərhələ məhdudlaşdırılmasının tərəfdarıyam. Onu da nəzərə almaq lazımdır ki, ölkə əhalisinin böyük hissəsi, qiymət baxımından onlara nisbətən sərfəli olduğundan, bu avtomobillərin alınmasına üstünlük verir. Bütövlükdə bütün bu deyilənlər heç də o demək deyil ancaq texniki səbəblər üzündən qəzalar baş verir. Təbii ki, bu belə deyil. Çünki əksər hallarda sürücülər sürət həddini keçdiyindən və yol hərəkəti qaydalarına əməl etmədiyindən məlum qəzalar baş verir".
"Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin sədri Natiq Ələkbərli məsələyə fərqli yanaşdığını bildirdi: "Mən qəzaların, xüsusən də Rusiya istehsalı olan avtomobillərin texniki səbəblər üzündən qəza törətməsi fikrilə razı deyiləm.
Bu məsələdə, yaxşı olardı ki, bir qədər obyektiv olaq. Qəzaların hamısı yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, ölkədə VAZ 2107 markalı avtomobillərin istifadəçiləri yetərincə çoxdur. O üzdən avtomobil qəzalarının sözügedən maşınların timsalında daha çox baş verməsi görüntüsü yaranır".