.jpg)
Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi Etimad İsmayılovun işi üzrə məhkəmə istintaqını başa çatdırıb və tərəflərin çıxışları mərhələsinə başlayıb. APA-nın məlumatına görə, bu barədə məhkəmənin srağagün keçirilən iclasında qərar qəbul olunub. İclasda müdafiə tərəfi çıxışlara hazırlaşmaq üçün vaxt verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib və iclası oktyabrın 5-dək təxirə salıb. Xatırladaq ki, E.İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələrilə ittiham irəli sürülüb. O, "Avroasiya Sənaye-Maliyyə Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən "Domodedovo" hava limanında saxlanıb. E.İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E.İsmayılovdan əlavə, cinayət işində Ukrayna vətəndaşı, "Russkaya zernovaya kompaniya"nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və "Prodkorporasiya"nın rəhbəri Vladimir Şvadçenkonun da adı keçir.