"Demokratiya" seçki bloku hələ vahid namizədlər siyahısını müəyyənləşdirir
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Demokratik İslahatlar Partiyasının (DİP) yaratdığı "Demokratiya" bloku seçkilərlə bağlı İşçi Qrup yaradıb.
Bu barədə APA-ya VHP-nin mətbuat xidmətindən məlumat verilib. Eyni zamanda, hər iki partiyanın Siyasi şuralarının qərarı ilə blokun səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib.
Blokun səlahiyyətli nümayəndələrinin sentyabrın 8-də keçirilən iclasında blokun bütün sənədləri təsdiq edilərək, qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Blokun səlahiyyətli nümayəndələrinin birgə iclasında "Demokratiya" Blokunun emblemi də təsis edilib.
Qeyd edək ki, "Demokratiya" bloku sentyabrın 6-da partiyalararası sazişlə yaradılıb və ictimaiyyətə təqdim olunub. Hazırda bu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə seçkilərdə iştirak edəcək blokun vahid namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir.