.jpg)
Hazırda Azərbaycanda qeydiyyatdan keçən 50-dən artıq partiya fəaliyyət göstərir. Lakin onların əksəriyyətinin siyasi arenada fəaliyyəti sözün həqiqi mənasında hiss olunmur. Bu da partiyaların çoxunun sosial bazasının olmamasından irəli gəlir. Partiyaların belə çox olması müqabilində əksəriyyətinin fəaliyyətsizliyi isə siyasi proseslərin normal məcrada getməsinə mane olur.
Bunun qarşısını almaq üçün zaman-zaman ölkəmizdə, iqtidarlı-müxalifətli, siyasi təşkilatların əsasən 2-3 partiya daxilində birləşdirilməsi məsələsi ortaya çıxırdı. Buna çox çalışılıb, lakin bir sıra obyektiv və subyektiv səbəblər üzündən hələlik bu alınmayıb. İndiki seçki prosesi də göstərir ki, müxalifət daxilində mövqeləri bir-birinə yaxın olan azı 6-7 qrup mövcuddur. Bunlardan biri Müsavatla AXCP-nin yaratmaq istədiyi birlikdir. Hansı ki, seçkilərdən sonra onların bir təşkilat daxilində birləşməsi istiqamətində işlər gedir. Hətta Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan təşkilatların, xüsusən KXCP-nin də Müsavat-AXCP birliyinə qoşulacağı istisna deyil. Bu qrup, əsasən Cəbhə şinelindən çıxanların birləşməsini həyata keçirir. BAXCP, Böyük Quruluş və Ədalət partiyaları isə seçkiyə "İslahat" bloku adı altında gedir. Bundan başqa, Vətəndaş və İnkişaf Partiyası ilə liberallar "İnsan naminə", Vətəndaş Həmrəyliyi ilə Demokratik İslahatlar Partiyası "Demokratiya", Ümid, ADP və Aydınlar isə "Qarabağ" bloku şəklində seçkilərdə iştirak etmək niyyətindədir. Əksər politoloqlar bu fikirdədir ki, qarşıdan gələn parlament seçkilərindən sonra xırda partiyalar mümkün qədər bir-birilə birləşmək məcburiyyətində qalacaq. Yəni belə ehtimallar var ki, hazırda bloklarda cəmləşən bəzi siyasi qurumlar seçkilərdən sonra birləşəcək. Ən azından, builki seçkilərdə bloklaşma tendensiyasının geniş miqyas alması birləşmə istiqamətində yaxın gələcəkdə əsaslı addımların atıla biləcəyindən xəbər verir. Artıq yuxarıda da qeyd etdiyimiz kimi, Müsavatla AXCP-nin, ardınca da, ola bilsin KXCP-nin bu istiqamətdə birgə addım atacağına şübhə yeri, az qala, qalmayıb. Ardınca, demək olar ki, eyni mövqedən çıxış edən "İslahat" və "İnsan naminə" bloklarında cəmləşənlərin də öz aralarında analoji addıma meyllənəcəyi istisna deyil. Yəni Azərbaycanda cərəyan edən siyasi proseslər partiyaların ideologiya baxımından birləşmə istiqamətində artıq konkret addım atmalarını diqtə edir. Bu, bir tərəfdən də sosial sifarişdir. Belə ki, cəmiyyət heç bir önəm daşımayan çoxsaylı kiçik partiyaların mövcudluğundan artıq doyub. Digər tərəfdən, kiçik partiyaların baza qıtlığı üzündən siyasi həyatda heç bir rol oynaya bilməməsi də birləşməni diqtə edir.
Seçki məsələləri üzrə ekspert İlqar Hüseynli də yaxın gələcəkdə partiyaların ideologiya baxımından birləşməsi istiqamətində mühüm addımlar atılması gözlənilən olduğunu düşünür: "Ümumiyyətlə, indiki seçki prosesində ötən dəfəkindən fərqli situasiyanı müşahidə edirik. 2005-ci ildə konkret olaraq "Azadlıq" bloku yaradıldı. Digər, bu gün parlamentdə təmsil olunan kiçik partiyalar isə prosesə partiya olaraq qoşuldu. Həmin ildə əsas mübarizə "Azadlıq" bloku ilə hakim partiya arasında getdi. Kiçik partiyalar isə seçki oyununun bir komponentinə çevrildi. Hazırda isə başqa bir maraqlı və diqqəti cəlb edən tendensiyanı müşahidə edirik. Kiçik partiyalar da birləşərək ayrı-ayrı bloklar şəklində təmsil olunub. Onların da gələcəkdə bir partiya daxilində birləşməsi həm arzuolunandır, həm də hesab edirəm ki, bu artıq bir sifarişdir. Bu mənada indi formalaşan blokların yaxın gələcəkdə partiya halında birləşməsi istisna deyil və gözləniləndir. Artıq Müsavat Partiyası ilə AXCP arasında belə bir arzu səsləndirilməkdədir. Gələcəkdə AXCP ilə Müsavatın bir partiya ətrafında birləşdirilməsi məsələsi ideya olaraq artıq ortaya atılıb. Düşünürəm ki, belə birləşmə meyllərinin təkrarlanması halı digər siyasi qurumlarda da baş verəcək. İnkişaf etmiş ölkələrdə sağ, sol və mərkəzçi partiyalar var. Hesab edirəm, artıq bizdə də belə bir tendensiyanın davamlı olmasına ehtiyac yaranıb.
Böyük ehtimalla, Azərbaycanda parlament seçkilərindən sonra sağçı, solçu və mərkəzçi partiyaların dəqiq coğrafiyası konkretləşəcək. Nəticədə ölkə ictimaiyyəti artıq bizdə də bu və ya digər mövqedə dayanan konkret qüvvələrin olduğunun şahidi olacaq. Buna həm də sosial sifariş var. Artıq bunun üçün münbit şərait də yetişib. İndiki bloklaşma gələcəkdə birliklərdəki müttəffiqliyin daha da inkişaf etdirilərək bir partiya halında birləşməsinə təkan verə bilər. Cəmiyyətdə "bir sədr və bir də papkadan ibarət partiyalar" ifadəsi gülüş hədəfinə çevrilib. Azadlıq, Əhrar, BAXCP, Böyük Quruluş, Vətəndaş Həmrəyliyi, Sosial Rifah, Ana Vətən Partiyaları barədə belə fikirlər daim səsləndirilməkdədir. Onların elektoratı, demək olar ki, yoxdur. Yaxşı olar ki, belə partiyalar özlərində güc tapıb mövqelərini konkretləşdirərək birləşsinlər".