İndi hər şeyi öz gözlərinizlə gördünüzmü, cənab Fasye...
.jpg)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) cəbhənin Tərtər istiqamətində qoşunların təmas xəttində monitorinqin keçirildiyi əraziyə gedib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar dünən səhər Bərdə rayonuna gəlib.
Bərdə Rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Bernar Fasye bildirib ki, səfərin yekununa dair bəyanatla çıxış edəcəklər: "Mən öz rəhbərliyimiz adından və üç həmsədr adından sizə demək istəyirəm ki, Azərbaycanın tanımadığımız bölgəsinə ilk səfər, burada yerli idarəetmə orqanlarının rəhbərlərilə görüş və bölgədəki vəziyyət haqda onların özlərindən məlumat almaq bizim üçün çox maraqlı oldu. Biz burada məcburi köçkünlər haqda, bölgədəki situasiya barədə və rayondakı yaşayış tərzilə bağlı, həm də bizim missiyamızı əhatə edən dəyərli məlumatlar aldıq. Sizə deməliyəm ki, hələlik heç bir şərh verə bilmirik. Ona görə ki, bu hələlik bizim missiyamızın birinci mərhələsidir. İki-üç gündən sonra səfərimizin sonunda Azərbaycan, Ermənistanda görüşlərimizin bütün aspektləri barədə ətraflı və şərhsiz məlumat verəcəyik".
Xatırladaq ki, monitorinq zamanı həmsədrlərin təmas xəttinin qarşı tərəfinə keçməsi nəzərdə tutulub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin dünən Xankəndində, bu gün isə İrəvanda görüşlər keçirəcəyi gözlənirdi.