Azərbaycanın orta məktəblərində "qadın müəllimlərin ekspansiyası" ciddi müzakirələr açdı
Məhərrəm Zülfüqarlı: "Azərbaycanda gedən proseslər nəticəsində təhsildə böyük disbalans yaranıb"
.jpg)
Bu yaxınlarda mətbuata geniş açıqlama verən təhsil naziri Misir Mərdanov yeni tədris ilinin başlanması ərəfəsində görülmüş və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə ictimaiyyətə geniş məlumat verib. Çıxışı zamanı bir çox problemlərə toxunan nazir, xüsusən müəllim və məktəb direktorlarının demoqrafik tərkibinə dair çox düşündürücü faktlar açıqlayıb.
O, hazırda müəllimlər ordusunun böyük əksəriyyətini - təxminən 80-85 faizini qadınların təşkil etdiyini qeyd edib. Bu cür halın yolverilməz olmasını vurğulayan cənab nazir kişilərin də təhsil sahəsində rolunun artırılmasını önə çəkib.
O, həmçinin, məktəb direktorlarının da 95 faizini qadınların təşkil etməsindən gileylənib. Kişi müəllimlərin məktəbi atıb qeyri-peşə fəaliyyətilə məşğul olmasının səbəbini isə o, orta məktəblərdə verilən əməkhaqlarının aşağı olması ilə əlaqələndirib.
Təhsil naziri bu məsələnin qarşısının alınması istiqamətində ciddi addımların atılacağını vurğulayıb. Görəsən Təhsil naziri Misir Mərdanovun ictimayyət qarşısında qaldırdığı problemə təhsil ekspertləri hansı prizmadan yanaşacaq?
Doğrudanmı bu gün Azərbaycan məktəblərində kişi müəllimlərin tədrisinə ehtiyac var? Bu istiqamətdə hansı addımlar atılmalıdır?
Məsələyə münasibət bildirən təhsil eksperti Məhərrəm Zülfüqarlı ilk növbədə yaranmış problemə təbii yanaşdığını bildirdi. Problemin səbəbini isə yaxın keçmişdə Azərbaycan təhsil sistemində gedən proseslərin nəticəsində yaranmış disbalansla əlaqələndirdi.
Bu gün təhsil sistemində kişi müəllimlərin əməyinin heçə enməsini məktəblərdə verilən əməkhaqlarının aşağı olması ilə bağlayan ekspert də, öz növbəsində, cənab nazirin səsləndirdiyi fikirlərə tam şərik olduğunu vurğuladı: "Bu qəbuledilən hal deyil. Müəllimlərin hamısının qadın olması arada böyük disbalans yaradır. Bu da təbii haldır. Azərbaycanda gedən proseslər bu dispalansın yaranmasına səbəb olub.
Digər tərəfdən, nəzərə alsaq ki, evə əsas qazancı kişi gətirir, onda indiki məvaciblə ailə dolandırmaq olmaz. Məktəbdə dərs deyən hər hansı kişi müəllim görəndə ki, 100-150 AZN əməkhaqqı ilə ailə saxlamaq mümkün deyil, məcburdur, müəllimliyi atsın, gedib başqa işlərdə çalışıb ailəsin dolandırsın".
Ekspert yaranmış vəziyyətdən çıxış yolunu təhsilə diqqətin daha geniş şəkildə həyata keçirilməsində gördü. İlk növbədə əməkhaqlarının artımının zəruriliyini vurğuladı.
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də təhsil naziri Misir Mərdanovun müəllim islahatı ilə bağlı qabartığı fikirləri dəstəklədiyini bildirdi. O da məktəblərimizdə, qadın müəllimlərlə yanaşı, kişi pedaqoqların fəaliyyətinin labüdlüyünü vurğuladı: "Bəli, bu gün Azərbaycan məktəblərində kişi müəllimlərə də ehtiyac duyulur. Burada söhbət qadın müəllimlərin təhsildən, tədrisdən kənarlaşdırılmasından getmir. Qadın müəllimələrə bu gün də, sabah da ehtiyac var və olacaq.
Ancaq gəlin razılaşaq ki, ibtidai sinifdə təhsil alan körpələrin qadın səbrinə, nəvazişinə ehtiyacı olduğu kimi, yetkinlik yaşına çatmış yeniyetmələr möhkəm xarakter xüsusiyyətinə, amiranəliyə ehtiyac hiss edir. Bu da onların bir insan olaraq formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Ancaq qadın müəllimlərin yetkin yaşa çatmış qız və ya oğlanlara sirayət qüvvəsi kişi müəllimlərində olduğu kimi olmur. Bu da təhsilin keyfiyyətinə mənfi təsirini göstərir".
Ekspert məsələnin obyektiv və subyektiv tərəflərinə də aydınlıq gətirdi. Kişi müəllimlərin dil bilmələri və xaricə getmələrilə əlaqədar ölkədə say etibarı ilə yerlərini qadınlara verdiyini deyən ekspert, digər tərəfdən isə, qadınların tərbiyəçilik, öyrətmək funksiyasını onun daxilindən gələn xüsusiyyətlə əlaqələndirdi: "Bilirsiniz, məsələnin obyektiv və subyektiv tərəfləri var. İlkin olaraq obyektiv mətləblərə aydınlıq gətirərək qeyd etmək istəyirəm ki, qadınlarda tərbiyəçilik, öyrətmək, uşağa həvəs ilahi vergidir.
Ona görə də qızlarımızın, xanımlarımızın böyük əksəriyyəti müəllimə olmaq istəyir. Kişilərimizdə isə belə xarakter qadınlara nisbətən zəifdir.
Digər məqam isə say etibarı ilə respublikada kişilərə nisbətən qadınların sayının çox olması ilə əlaqədardır. Üstəgəl, nəzərə alsaq ki, əla dil bilgisi olan oğlan gənclərimiz iş dalınca xarici ölkələrə gedir, xanımlarımız isə yox, onda problemin başqa məqamları da gündəmə gəlir".
Daha sonra məsələ ilə bağlı subyektiv problemlərə gəldikdə isə, ekspert bunu sırf iqtisadi çətinliklərlə əlaqələndirdi ki, buna da hörmətli nazirin toxunduğunu vurğuladı. O, həmçinin, bu gün məktəblərimizdə qadın müəllimələrin say etibarilə çoxluq təşkil etməsini sonradan direktor olmaq şansının daha çox olması ilə izah etdi.
Problemdən çıxış yolunu isə Pedaqoji Universitet və işə qəbul zamanı müəyyən istisnalar olunmasında və peşə yönümlü tədrisin aparılmasında gördü.