.jpg)
Azərbaycanın bank sektorunda olduqca maraqlı bir vəziyyətin yarandığı aydın müşahidə olunmaqdadır. Söhbət, konkret olaraq da banklarda vəsait çatışmazlığından gedir. Bu isə özünü iqtisadiyyata yatırılan kreditlərin həcmində də aydın büruzə verir.
Hesablamalar göstərir ki, cari ilin fevral ayından etibarən ölkə iqtisadiyyatına yatırılan kreditlərin həcmində müşahidə edilən artım tendensiyası yay aylarında azalma ilə əvəz olunub. Mərkəzi Bank da bildirir ki, iyul ayında kredit qoyuluşunun həcmi 184,5 milyon manat azalaraq 8,66 milyard manata düşüb. Bu müddətdə problemli kreditlərin həcmi 8,6 milyon manat azalsa da, cəmi kreditlərdə payı dəyişməz qalıb. Hesabat ayında vaxtı keçmiş kreditlərin payı 4,6% həddində qalıb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "İqtisadi forum" jurnalına açıqlamasında kredit qoyuluşunun azalmasının Beynəlxalq Bankın kredit yatırımını azaltması hesabına baş verdiyini bildirib: "Kredit qoyuluşlarında artım həmişə yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına baş verirdi. Təkcə bu bankın verdiyi kreditlərin həcmi ölkənin 46 bankının verdiyi kreditlər qədərdir. Ona görə də Beynəlxalq Bankın kredit yatırımındakı istənilən dəyişiklik ölkənin ümumi kredit bazarına təsir edir. İyul ayında bu bankın yatırımları, əvvəlki aylardan fərqli olaraq, 217,3 milyon manat azalıb. Çünki Beynəlxalq Bank kreditləri əsasən neft sənayesinə yönəldir. Bu dövrdə isə həm neft emalı sənayesinə, həm də nəqliyyat sektoruna kredit qoyuluşu azalıb. Artım kommersiya banklarında qeydə alınıb ki, bu vəsaitlər də, əsasən istehlak kreditləri olmaqla, ticarət, kənd təsərrüfatı və tikinti sektoruna yönəldilib".
Ümumiyyətlə isə, son aylarda Beynəlxalq Bank ətrafında mediada indi ən müxtəlif məlumatlara rast gəlmək olar. Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi hələ ötən ilin sonlarında Beynəlxalq Bankın bütün kreditlərinin təqribən üçdə birinin - 27, 8 faizinin problemli sayıldığı barədə məlumat açıqlamışdı. Qurumun səhmdarlarının cari il iyulun 20-də keçirilən son toplantısında dividendlərin rübdə deyil, ildə bir dəfə verilməsilə bağlı qərar verilib. Bundan əvvəl isə bank 3 rüb səhmdarlara dividend verə bilməyib. Belə halın bankın tarixində ilk dəfədir baş verdiyi bildirilir. Ekspertlərə görə isə, səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsilə bağlı verilən qərar bankda müəyyən problemlərin olduğunu təsdiq edir. Onu da xatırladaq ki, Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına dividend ödəmək imkanına malik olmayacaq. Qeyd olunduğu kimi, Beynəlxalq Bankda yaşanan istənilən çətinlik bütün bank sektoruna təsir edir və bu da iqtisadiyyata yatırılan kreditlərin həcminə təsirsiz ötüşmür.
Samir Əliyev isə hesab edir ki, dünya bazarlarında dollar və avronun qeyri-sabit məzənnə nümayiş etdirməsi də kredit qoyuluşunun azalmasına gətirib çıxarıb: "Dünya bazarlarında dollar və avronun məzənnəsində müşahidə edilən qeyri-sabit rəqslər, növbəti qlobal böhran siqnalları yerli bankları bu valyutalarla ehtiyatlı siyasət nümayiş etdirməyə sövq edir. Elə bunun təsiridir ki, istər əmanət qoyuluşunda, istərsə də kredit verilişində xarici valyutalar mövqeyini itirməkdədir. Məsələn, iyul ayında xarici valyuta ilə kreditlərin həcmi 235,8 milyon manat azalıb. Bu azalma, xüsusən uzun müddətə verilən kreditlərdə baş verib". S.Əliyevin fikrincə, Mərkəzi Bankın milli valyutanın kursunun nəyin bahasına olursa olsun sabit saxlaması siyasəti manata etibarın artmasını və bununla da onun payının yüksəlməsini şərtləndirir.
Ekspert hesab edir ki, kredit qoyuluşlarının azalmasını şərtləndirən əsas səbəblər qlobal böhran nəticəsində problemli kreditlərin artımı və banklarda kifayət qədər vəsaitin olmamasıdır: "Təkcə 2010-cu ildə problemli kreditlərin həcmi 30%-dən çox artıb. Son bir ildə isə bu artım 2 dəfədən çoxdur. Banklar çıxış yolunu ya kredit verilişini dayandırmaqda, ya da kredit şərtlərini sərtləşdirməkdə görür. Bu isə müştəri üçün çox əlverişsizdir. Çünki onsuz da Azərbaycan banklarında təklif edilən kreditlərin faiz dərəcələri çox yüksəkdir. Vəsaitə ehtiyacı olan sahibkarlar və ya əhali, yüksək faizə baxmayaraq, kredit götürməli olur. Sonra isə həmin vəsaitlərin qaytarılması zamanı çatanda problemlər yaranır. Qlobal böhrandan əvvəl müştərilər yüksək faizi ödəyə bilirdisə, indi bu mümkünsüzdür".
S.Əliyev ölkədə kredit böhranın işartılarının yaranması qənaətindədir: "Artıq ilin əvvəlindən gözlənirdi ki, banklar vəsait çatışmazlığı ilə üzləşəcək. Bankların sərbəst ehtiyatları kəskin azalıb. Təkcə cari ilin 7 ayında bu ehtiyatlar 2 dəfəyədək azalıb. Sərbəst ehtiyatların azalması bankların kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəlik, Mərkəzi Bankın fəaliyyətdə olan bankların məcmu kapitalına qoyduğu 10 milyon manatlıq həddə riayət edilmir. Artıq 6 bankın məcmu kapitalı bu həddən azdır. Əvvəllər onların sayı 4 idisə, hazırda 6-ya çıxıb. Göründüyü kimi, banklarda kapitallaşma problemi həllini tapa bilməyib."
Ekspert ilin sonunda keçiriləcək parlament seçkilərinin də kredit qoyuluşunun azalmasına təsir etdiyini istisna etməyib.