.jpg)
Hacı Faiz Məğrurzadə: "Yaxın adamlarından ehtiyacı olan yoxdursa, o zaman kasıb qonşuya keçmək lazımdır"
Məşədi Rizvan Yusifzadə: "Ətrafında tanıdığın kasıb adam varsa, o zaman fitrənin məscidə verilməsinə ehtiyac yoxdur"
Hacı Səxavət Əliyev: "Orta təbəqə adambaşına təqribən 8-9 manat fitrə çıxarmalıdır"
Bu gün Azərbaycanda müqəddəs bayramlardan biri olan Ramazan bayramıdır. Bu bayramda insanlar niyyət edib fitrə çıxarır və kasıblara yardım edir. Fitrənin dəyəri, ən azı, adambaşına 3 kilo buğdanın ölçüsü qədər olmalıdır.
O da məlumdur ki, fitrə çıxaran özünü və ailəsini iqtisadi cəhətdən təmin etməyi bacarmalıdır. Bu gün reallıq ondan ibarətdir ki, Ramazan bayramında fitrə verməklə bağlı yanaşmalar eyni deyil. Fitrənin həcmi və kimə verilməsilə bağlı fikirlər bəzən bir-birilə uzlaşmır. Bəziləri fitrənin ancaq kasıblara, yetimlərə birbaşa verilməsini məqsədəuyğun hesab edir. Digərləri isə fitrənin məscidlərə verilməsini və oradan ehtiyacı olanlara paylanmasını daha məqbul sayır. Bəs, əslində necə olmalıdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini bildirən Qafqaz Müsəlmanları İdarəsinin axundu Hacı Faiz Məğrurzadənin sözlərinə görə, fitrə həqiqi ehtiyacı olana verilməlidir: "Birinci yaxın adamına, yəni kasıbdırsa, ona vermək lazımdır. Deməyim odur ki, ən yaxın adamdan başlamaq lazımdır. Yaxın adamlarından ehtiyacı olan yoxdursa, o zaman kasıb qonşuya keçmək lazımdır. Yox, qonşuda da kasıb adam yoxdursa, o zaman uzaqda olan kasıblara fitrə vermək lazımdır. Fitrənin miqdarı adambaşına 3 kiloqram buğda həcmində olmalıdır. Yaxud da bu, arpa, xurma, kişmiş, düyü ilə ölçülə bilər. Fitrə çıxaran ya sadalanan məhsulları, ya da onların pulunu verməlidir. Yəni kimin imkanı nəyə çatırsa onu verməlidir. Bunların heç birini verməyə o adamın imkanı yoxdursa, o zaman həmin adama xüms düşmür. Burada hansısa məcburiyyət yoxdur".
Dinşünas Məşədi Rizvan Yusifzadə də hesab edir ki, fitrə çıxaran ona yaxın olan kasıblardan başlamalıdır: "Kim nə niyyət edirsə, 3 kiloqram ölçüsündə fitrə çıxarmalıdır. Bu buğda da, arpa da, düyü də, kişmiş də ola bilər. Biz əsasən buğda çörəyi istifadə etdiyimizə görə, buğdaya üstünlük verilir. Hər adam üçün 3 kilo buğdanın pulunu çıxarırsan. Ən başlıcası, fitrəni lap kasıb olana vermək lazımdır. Yəni o adama ki, onun imkanı, gəliri, qazancı yoxdur. Bu zaman birinci qonşudan başlamaq lazımdır. Qonşuda o cür kasıb, yetim, kimsəsiz adam varsa, yaxud ətrafında tanıdığın kasıb adam varsa, o zaman fitrənin məscidə verilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, tanıdığın kasıb adama fitrə vermək daha məqsədəuyğundur. Yox, tanımadığın kasıb adam varsa, o zaman etibarlı adamlara fitrəni verməlisən ki, onlar paylasınlar. Deməyim odur ki, fitrəni məscidə vermək şərt deyil və bu heç yerdə yazılmayıb. Fitrə kasıba, ehtiyacı olana verilməlidir".
Bülbülə məscidinin axundu Hacı Səxavət Əliyev də təxminən oxşar fikirlər söylədi: "Əvvəla, mən sizin və Azərbaycan xalqının orucluq bayramını təbrik edirəm. Allah öz lütfünü heç vaxt bizim millətin üzərindən götürməsin inşallah. Allah millətimizə işğal olunmuş torpaqların azad olunmasında yardımçı olsun inşallah. Fitrənin çıxarılması bazarda buğdanın qiymətilə hesablanır. Televiziyada bu günlərdə elan olundu ki, hazırkı bazar qiymətlərilə adam başına 4 manat fitrə çıxarmaq lazımdır. Burada yanaşma eyni deyil. O təbəqə ki, kasıbdır, onlar adambaşına 1 manat 50 qəpik, yaxud da 2 manat fitrə çıxarmalıdır. Orta təbəqə adambaşına təqribən 8-9 manat fitrə çıxarmalıdır. İmkanlı şəxslər isə fitrəni xurma ilə çıxarsalar daha yaxşıdır. Ən böyük xurma çəkisi də 20-25 manat arasındadır. Bu da adambaşı edir 75 manat. Yuxarı təbəqədən olan adamlar heç olmasa ildə bir dəfə fitrə çıxarsınlar ki, kasıblar da dolansın. Digər tərəfdən, bayramın ayı görsənməsə, fitrənin çıxarılması qəbul deyil. Güman etməklə iftar vaxtı fitrə çıxarmaq olmaz. Fitrəni kimə vermək məsələsinə gəldikdə isə, fitrə çıxaran birinci növbədə öz ailəsindən başlamalıdır.
Fitrə çıxaran baxıb görməlidir ki, qohum-əqrəbasında kasıb var, yoxsa yoxdur. Yoxdursa, o zaman kasıb qonşulara fitrə verməlidir. Yaxın qonşusunda da beləsi yoxdursa, o zaman uzaq qohumlara fitrə verilməlidir. O adama fitrə düşmür ki, onların illik gəlirləri onlara çatmır. Bütün hallarda fitrə ehtiyacı olana verilməlidir".