Bakıda dələduz makler həbs edildi
Bakının Xəzər rayonunda torpaq satışı ilə məşğul olan şəxs həbs edilib. Rayon Polis idarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan makler İntiqam Rəhimovdur.
O, bir müddət əvvəl iki nəfər tanışı ilə birlikdə vətəndaşa torpaq satıblar və ondan ilkin olaraq 1500 dollar beh alıblar. Sonradan həmin torpağın sənədlərində saxtakarlıq edildiyi ortaya çıxıb. Zərərçəkmişin şikayəti əsasında İ.Rəhimovun barəsində cinayət işi başlanıb. Lakin istintaqdan yayındığına görə İ.Rəhimovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarış elan olunub.
Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində İ.Rəhimov sentyabrın 7-də tutulub və barəsində həbs-qətimkan tədbiri seçilib.