Biznesmen Məhərrəm İsmayılovun maşınından oğurlanmış 190 min manatın məhkəməsi başladı
6 nəfərlik dəstə ittiham olunur
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda iş adamının avtomobilindən 190 min manat pul oğurlamaqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən Bakı şəhəri sakinləri - Elxan Novruzov, Yusif Məhərrəmov, Fariz Kərimov, Sənan Zülfüqarov, Bəxtiyar Məmmədov və Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı sentyabrın 15-nə təyin olunub.
İttihama görə, 2009-cu ilin dekabrın 24-də adıçəkilən şəxslər Bakının Xətai rayonunda iş adamı Məhərrəm İsmayılova məxsus "Range Rover" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 190 min manat pul oğurlayıb. Oğurluq hadisəsini törətmiş şəxslər 3 gün sonra Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində yaxalanıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.3.2-ci (oğurluq külli miqdarda törədildikdə) maddələrilə ittiham olunur.