Taxtanın qiyməti 70-100 manat artdı
Yaşar Əsədov: "Adətən bizdə qiymətlər 5-6 faiz deyil, 50-60 faiz bahalaşır"
"Taxta ticarəti çox sərt
monopoliya altındadır"
Rusiyada baş verən meşə yanğınları ilə əlaqədar Azərbaycanda taxtanın qiyməti sürətlə bahalaşır. Belə ki, bir neçə ay əvvəl bazarda taxtanın bir kubu 200 manatdan aşağı idisə, hazırda bu rəqəm 270 manata çatıb. Bu gedişlə taxtanın bir kubunun qiymətinin 300 manatı keçəcəyi bildirilir.
O da məlum məsələdir ki, böhranla əlaqədar Azərbaycanın tikinti bazarında iki ildir durğunluq hökm sürür. Bundan əvvəl də bazara xeyli taxta gətirilib və həmin materiallar realizə olunmayıb. Hazırda Taxtanın bahalaşması isə onsuz da passiv olan alıcı kütləsini bir az da passivləşdirir. Belə olan halda, taxtanın bahalaşması üçün müxtəlif spekulyativ amillərin işə salınması reallığı ortaya çıxır. Yoxsa artım bu dərəcədə gözlənilməzdi. Eyni zamanda, bu bir daha onu göstərir ki, bazar tələb və təklif əsasında deyil, hansısa spekulyativ metodlarla idarə olunur.
İqtisadçı-ekspert Yaşar Əsədov taxtanın sürətlə bahalaşmasını monopolist amillərlə əlaqələndirdi: "Məsələ ondadır ki, taxta ticarəti çox sərt monopoliya altındadır. Belə bir şəraitdə qapalı dairə əmələ gəlib. Alıcıların sayı azaldıqca dövriyyə azalır. Dövriyyənin azalmasına baxmayaraq, monopolist gəlirlərini sabit saxlamaq üçün qiymətləri artırır. Ona görə də taxtanın bazarda qiyməti qalxır. Bütün bunlar monopolistin gəlirlərinin artımına hesablanıb. Digər tərəfdən, Rusiyada baş verən yanğınlar bahalaşmaya təsir edir.
Ancaq bu, ölkə bazarında hissolunacaq dərəcədə olmamalı idi. Adətən bizdə qiymətlər 5-6 faiz deyil, 50-60 faiz bahalaşır. Bir növ Azərbaycanın ticarət dövriyyəsi buna adətkərdə olub. Əslində burada tamam başqa faktorlar həlledici rol oynayır. Məsələn, Azərbaycanda nə üçün avtomobillər, Gürcüstanla müqayisədə, 3-4 dəfə bahadır? Halbuki, eyni maşındır. Gürcüstanda 2-3 min dollara olan maşın Azərbaycanda 6-8 min dollaradır. Bax, vəziyyət belədir".
Vidadi ORDAHALLI