Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı Azərbaycanda kəskin fikir ayrılıqları yaranıb
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinə birdəfəlik son qoyula bilər
"Rəqabət Məcəlləsi"nin qəbulunun gecikdirilməsi üzündən fərdi və qrup maraqlarının güclənməsi də problemi dərinləşdirib
Azərbaycan və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı hər iki tərəf arasında ikitərəfli və çoxtərəfli danışıqlara, məhz bu təşkilata üzv olmaq üçün müraciət edildiyi vaxtdan, yəni 1997-ci ildən başlasa da, hələ də müsbət nəticə yoxdur.
Çünki ikitərəfli danışıqlarda Avropa Birliyi, eləcə də ABŞ və Avstraliya kimi dünyanın aparıcı və inkişaf etmiş ölkələrilə razılıq əldə etmək mümkün olmayıb. Aqrar, eləcə də xidmət sektorları üzrə işçi qrupla ÜTT rəsmilərinin fikirləri və mövqeləri hələ də üst-üstə düşmür. Digər tərəfdən, Azərbaycanın ÜTT-yə üzv olması məsələsi ölkədaxili qanunvericilik adıçəkilən beynəlxalq qurumun tələblərinə uyğunlaşdırılmadığı üçün yubanır. Qeyd edək ki, bir müddət öncə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib ki, ÜTT-yə üzvlüyə maneçilik törədən əsas səbəblər monopoliya, qiymətlərin tənzimlənməsi və digər məsələlərdir. Bu baxımdan da Azərbaycanın bu beynəlxalq təşkilata nə zaman üzv olacağını proqnozlaşdırmaq çətinləşib. Ən əsası isə, ÜTT 2013-cü ildən etibarən ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək. Bu səbəbdən də aqrar sektor üzrə subsidiya vermək imkanı getdikcə məhdudlaşacaq. Təbii ki, bütün bunlar, Azərbaycan rəsmilərinin iddia etdiyi kimi, "güzəştli üzv olma" ehtimallarını sıradan çıxarır.
Bazarlar alverçilərin və inhisarçıların əlindədir
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, müxtəlif məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməməsi, bu sahədə mövcud olan hərc-mərclik və digər qanunsuzluqlar sonucda bahalaşmaya və inhisarçılığa səbəb olur. Ən ciddi problemlərdən biri də, dünyanın heç bir ölkəsində olmadığı halda, Azərbaycanda bəzi məhsulların qiymətlərinin məmurlar tərəfindən tənzimlənməsi nəticəsində yaranır: "Məsələn, Kənd Təsərrüfatı Nazirliyi işçilərinin kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış yarmarkalarında qiymətləri tənzimləməsi düzgün hal deyil. Belə bir qayda dünyanın heç bir ölkəsində yoxdur. Çünki məmur qiymət tənzimləyə bilməz. Qiyməti bazar tənzimləməlidir. Adıçəkilən nazirliyin vəzifəsi məhsul bolluğu yaratmaqdır. Belə olan halda qiymət sağlam rəqabət şəraitində öz-özünə, çəkilən xərclərə uyğun olaraq formalaşacaq. Çox yanlış siyasətdir ki, administrativ yolla qiymət tənzimlənir. Əslində həmin nazirliyin işçiləri bu yolla yarmarkalara gələn alverçilərin özbaşınalıqları üçün münbit şərait yaradır. Bunun nəticəsidir ki, rayonlardan gələn məhsullar dəyər-dəyməzinə alınıb, baha qiymətə satılır".
Onun sözlərinə görə, bütün keçmiş kolxoz bazarlarının hamısı alverçilərin əlindədir: "Hökumət istəyirsə meyvə-tərəvəzin indiki qiymətləri ən azı 20-30 faiz aşağı düşsün, malların maya dəyərinə oturulan əlavə haqlar yığışdırılmalıdır. Bu da ölkənin istehlakçı siyasətilə bağlı olan məsələdir. Hökumət açıq ifadə olunmuş istehlakçı siyasətini formalaşdırarsa, biznesmenlər, iş adamları malların üzərinə ödədiyi rüşvətləri oturtmaz. Maraqlıdır, bir halda, ölkə rəhbəri sahibkarların fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılması ilə bağlı fərmanlar verib, sual oluna bilər, niyə sahibkar pozulmuş hüquqlarına görə ədalət məhkəmələrinə üz tutmur? Səbəb odur ki, sahibkar asan yol seçib, yəni verdiyi rüşvəti satdığı malın qiymətinin üzərinə əlavə edir, sonra istehlakçını aldadır. Bu da istehlakçıların hüquqlarının qorunmamasından irəli gəlir".
"Bazarlardakı hərc-mərclik çözülmədən ÜTT-yə üzvlüyün əleyhinəyəm"
Ekspertin fikrincə, "İstehlakçıların hüquqlarının qorunması haqqında" qanunda qeyd edilib ki, hökumət və qeyri hökumət təşkilatları əsassız qiymət artımlarına qarşı mübarizə aparmalıdır. "Baxmayaraq ki, liberal və azad bazar iqtisadiyyatı dövrüdür. İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır. Təəssüf ki, bu mübarizənin effektivliyi, xüsusən, kənd təsərrüfatı məhsulları seqmentində hiss olunmur. İstehsalçı ilə istehlakçı arasında münasibətlərin düzgün formalaşması üçün tədarük məntəqələri olmalıdır. Bir sözlə, kənd təsərrüfatının inkişafı üçün hökumət istehsalçının bilavasitə bazara çıxmasına şərait yaratmalıdır".
Bütün bu amilləri nəzərə alan AİB sədri Azərbaycanın indiki şəraitdə ÜTT-yə üzvlüyünün tam əleyhinədir: "Əks təqdirdə qlobal satışda itkilərimiz daha böyük olacaq. Məsələn, Bakıdan 120 km aralıda kəndçi təbii südü 20 qəpiyə sata bilmir. Paytaxtda isə 1 litri 3 manata olan südlər var. Ona görə ki, quru süd gətirilməsində ciddi problemlər var. Bütün firmalar quru südlə işləyir, hər cür quru süd gəlir. Amma kəndçinin üzünə bütün qapıları bağlıdır".
Korrupsiya və işsizlik problemləri çözülmədən ÜTT-yə üzv olmaq mümkün deyil
İqtisadçı-ekspert Əbdülvahab Manafovun fikrincə, üzvlük probleminin həlli üçün ilk növbədə siyasi və ya başqa adekvat üsullarla Azərbaycanın ərazi bütövlüyü məsələsi, yəni Qarabağ münaqişəsi çözülməli, işğal olunmuş torpaqlar azad edilməli və həmin bölgələrin potensialı ölkəmizin ümumi iqtisadiyyatına daxil olmalıdır. Hökumətimiz ÜÜT üzvü olan və ya yaxın zamanlarda bu təşkilata üzvlüyü gözlənilən ölkələrlə ikitərəfli saziş və protokollar imzalamalıdır: "İşsizliyin aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir. Əsas diqqət xammal yataqlarının yaxınlığında kiçik və orta istehsalat müəssisələrinin və texnologiyaların yaradılmasına yönəldilməlidir. Korrupsiyanı törədən səbəblər aradan qaldırılmalıdır. Gələcəkdə iqtisadi sahələrin inkişafını və onlara sərmayə qoyuluşunu təmin etmək məqsədilə vergi, gömrük, maliyyə-kredit, sığorta qanunlarına və normativ aktlara yenidən baxılmalıdır. İqtisadiyyatı yüksək sürətlə inkişaf edən Azərbaycan tələsik addımlar atmamalı və adıçəkilən təşkilat qarşısında özünə sərfəli şərtlər irəli sürməlidir. Yalnız belə olan halda ÜTT-yə üzv seçilə və bundan maksimum bəhrələnə bilərik".
Qiymətləri Tarif Şurasının təyin edə bilməməsi dövlətçiliyimizə xələl gətirə bilər
Onun sözlərinə görə, ÜTT-yə üzvlüyün faydaları ilə yanaşı, mənfi cəhətləri də ola bilər. Ən əsası, ölkə büdcəsinə idxal və ixrac rüsumlarından daxilolmaların azalması istisna deyil: "Tariflərin liberallaşması halında əmtəələrin xaricdən gətirilməsi daha cəlbedici, yəni sərfəli olacaq. Yerli məhsulların əksəriyyətinin rəqabətə dözümsüzlüyü bir sıra müəssisələrin müflisləşməsinə gətirib çıxara bilər. Ona görə də dediyim mənfi cəhətlər üzündən ölkə iqtisadiyyatının hərtərəfli təftişi mümkündür".
A.Manafov onu da dedi ki, bugünkü vəziyyətdə ÜTT-yə qəbul olunmaqla qeyri-neft sektorunun azalması və müxtəlif sahələrdə, xüsusən də aqrar sektorda iş yerlərinin ixtisara salınması gözlənilə bilər: "Bunu həmin qurumun üzvü olan ölkələrin təcrübəsi də göstərir. Digər tərəfdən, ora daxil olduqdan sonra Azərbaycanın ərazisi inkişaf etmiş dövlətlərin böyük bir bazarına çevriləcək və bu bazarda başqa ölkələrin malları satılacaq. Əmtəələrimizin, o cümlədən neft məhsullarının qiymətlərini isə bizim Tarif Şurası deyil, həmin təşkilat müəyyənləşdirəcək. Bu da dövlətimizin təhlükəsizliyinə xələl gətirən bir amildir. Ona görə də bu barədə ciddi fikirləşmək, hər şeyi yüz ölçüb bir biçmək lazımdır".
İnhisarçıların hökumət üzərindəki təzyiqləri və korrupsiya amili ÜTT-yə üzvlüyü ləngidir
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-eksperti Kənan Kərimzadə hesab edir ki, baryersiz ticarət korrupsiya və inhisarçılığın düşmənidir: "Əslində əksər hallarda kiçik ölkələrin təşkilata üzvlüyündəki ləngimələr məhz inhisarçıların hökümət üzərində təzyiqləri və korrupsiya amili ilə bağlıdır. Azad ticarət ölkəyə idxal edilən məhsullar üzərində təkəlçilikdən qurtulmaq və hər kəsin idxaldan faydalana bilməsi imkanları yaradır. İnhisarçılığın sıxışdırılması ilə ölkəyə gətirilən məhsulların çeşidinin çoxalması daha aşağı qiymətlə daha çox seçim imkanı yaradır. Hansı ki, nəticədə idxaldan əldə edilən fayda artır".
Həmsöhbətimiz dedi ki, inkişaf etməkdə olan ölkələrin ticarət əməliyyatlarındakı boşluqlar və bəzi institutların korrupsioner fəaliyyəti ticarətdə şəffaflıq, hesabatlılıq məsələlərini sual altına qoyur. İki ticarət edən ölkənin ixrac və idxal hesabatlarında rəqəmlərdə olan fərqlilik müəyyən qisim vəsaitin gömrük sistemindən və dövlət büdcəsindən yayındırılmasına şərait yaradır: "Qeydiyyatdan keçməyən malların ölkə ərazisinə keçməsi dövlət büdcəsi üçün potensial itki mənbəyidir".
Keyfiyətsiz məhsul istehsalı və qeyri-sağlam rəqabət davam edir
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov isə bildirdi ki, biz istehlakçılar malların çeşidində, keyfiyyətində və rəqabət mühitinin sağlam və yaxşı olmasında maraqlı olmalıdır. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbulunun gecikdirilməsi də sözügedən korporativ maraqlara xidmət edir: "Ona görə də biz kimlərinsə şəxsi mənafelərini deyil, Azərbaycan xalqının strateji maraqlarını qorumalıyıq. Strateji maraqlarımız hər şeydən üstün tutularaq ÜÜT-yə üzvlüklə bağlı danışıqlar sürətləndirilib və müvafiq qurumlar da bu istiqamətdə danışıqları davam etdirir".
Təbriz VƏFALI