Yaxın 2-3 ayda belə mənzillərin "vahid pəncərə" prinsipi ilə leqallaşdırılması barədə sərəncam gözlənir
.jpg)
Məlum həqiqətdir ki, uzun müddətdən bəri Azərbaycanda özünü göstərən problemlərdən biri də qanunsuz tikilən evlərlə bağlıdır. Çünki bu məsələ çözülmədikcə, problemin miqyası böyüyür. Artıq bir neçə dəfə dövlət orqanları bu kimi tikililərin sökülməsinə cəhd edib. Lakin mənzillər söküləcəyi təqdirdə sakinlərə təzminatın ödənilməməsi sonuncuların ciddi müqavimət ilə rastlaşıb.
Bununla belə, dövlət problemin həlli üçün indi daha ciddi addımlar atmağa hazırlaşır.
Belə ki, yayılan məlumatlara görə, tezliklə qanunsuz tikilən evlərin leqallaşdırılması prosesi başlana bilər. "Exo" qəzeti öz məlumatlı mənbələrinə istinadən bildirir ki, rəsmi strukturlarda məsələnin çözümü üçün müxtəlif variantlar nəzərdən keçirilir.
Qeyd edək ki, qanunsuz tikilən evlərə qarşı daha ciddi mübarizə və bu problemin həlli yollarına cari ilin mayından xüsusi diqqət yetirilməyə başlanıb. Belə ki, prezident İlham Əliyev mayın 7-də keçirilən müşavirədə məsələyə qarşı konkret mövqe bildirib: "Qanunsuz binalar Bakıda, əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur tikilir. Biz bu qanunsuz tikililərlə, əlbəttə ki, gərək mübarizə aparaq. Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlar, əlbəttə ki, oradan köçürülməlidir. Ancaq onlara kompensasiya verilməlidir və bu kompensasiya verilir".
Problemə münasibət bildirən ekspert Nəriman Ağayev qeyd edir ki, müvafiq sənədləri olmadan inşa edilmiş evlərlə bağlı yaranmış problemin həlli vacibdir: "Belə əmlakları leqallaşdırmaq lazımdır". Lakin ekspert hesab edir ki, kommunikasiya xətləri və infrastruktur obyektləri yaxınlığında inşa edilmiş qanunsuz tikililər birmənalı şəkildə sökülməli və başqa yerə köçürülməlidir: "Çünki infrastrukturun başqa yerə daşınması evlərin leqallaşdırılması məsələsindən bir neçə dəfə baha başa gəlir".
Qeyd edək ki, qanunsuz tikilən evlərin yaratdığı problemlər cari ilin fevralında Bakının enerji təchizatında baş verən qəza və onun nəticələrinin aradan qaldırılması zamanı özünü daha qabarıq büruzə verdi. Aydın oldu ki, qanunsuz tikililərin bir hissəsi yüksək gərginlikli enerji xətlərinin altında yerləşib ki, bu da bir tərəfdən insan həyatı üçün təhlükəlidir, digər tərəfdən də qəza zamanı həmin xətlərin bərpa işlərinə maneçilik törədir. Məhz bundan sonra sözügedən qanunsuz evlər probleminin aradan mümkün qədər tez qaldırılmasının vacibliyi indi ən aktual mövzulardan biri olaraq qalır. Hökumətin məsələnin hansı həll variantı üzərində dayanacacığ bilinməsə də, o da aydındır ki, qanunsuz tikilən evlərin sayı ölkəmizdə kifayət qədərdir. Dünya Bankının dəstəyilə reallaşdırılan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində aparılan hesablamalara görə, Azərbaycanda 500 min qanunsuz ev və obyekt inşa olunub. Elə həmin layihəyə müvafiq olaraq məsələnin çözümü üçün xarici ekspertlərlə müəyyən məsləhətləşmələr, araşdırmalar aparılır, məsələnin həlli yolları öyrənilir.
Belə bir vaxtda "Fineko" agentliyi də kifayət qədər maraqlı məlumat yayıb. Həmin məlumata əsasən, yaxın günlərdə daşınmaz əmlak və qanunsuz tikilən evlərin leqallaşdırılması üzrə "vahid pəncərə" prinsipi tətbiq olunacaq. Bunun üçün yaxın 3-6 ay ərzində hökumətin müvafiq fərman verəcəyi gözlənir. Məlumatda qeyd olunur ki, qanunsuz tikilən evlər probleminin həlli üçün bələdiyyələrin statusunun daha da genişləndirilməsi nəzərdə tutulur: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yayında Daşınmaz Əmlakının dövlət reyestri Xidməti isə yalnız yenidən qeydiyyata alınmış əmlakı Dövlət Reyestrinə daxil edəcək".
Ekspertlər, bununla yanaşı, problemin həllinə beynəlxalq maliyyə qurumlarının cəlbini də vacib sayır. Həmin qurumların xidmətindən isə kompensasiyaların verilməsi zamanı istifadə oluna bilər. Xatırladaq ki, dünya maliyyə qurumları Azərbaycanda enerji sisteminin yerləşməsi və yenidənqurulması ilə bağlı indiyə kimi çox müxtəlif layihələr həyata keçirərək, kifayət qədər böyük vəsaiti ölkəmizin enerji sektorunun yenidənqurulmasına sərf edib. Bu baxımdan, beynəlxalq maliyyə qurumları da infrastrukturun yaxşılaşdırılmasında maraqlıdır. Ona görə də sözügedən problemin həllinə həmin qurumların cəlb olunması mümkündür. Dünya praktikasında infrastruktur layihələrin həyata keçirilməsi zamanı kompensasiyaların ödənilməsinə beynəlxalq maliyyə qurumlarının cəlb edilməsi mexanizmi də var.
Qarşıdan payız və qış fəsillərinin gəlməsi fonunda isə infrastrukturun yenidən qurulması, ölkənin enerji təhlükəsizliyinin təmini üçün məhz yüksək gərginlikli xətlər altında yerləşən evlərin sökülməsi vacibdir. Bu evlərin qalması ölkənin enerji təhlükəsizliyinə və Bakının fasiləsiz olaraq enerjilə təminatına imkan vermir. Bu baxımdan da problemin həlli olduqca vacibdir.
O da bildirilir ki, qanunsuz tikililəri sökməzdən əvvəl həmin obyektlərin təhlili aparılmalı, onlar ekspertizadan keçirilməli. Çünki bu, həmin mənzillərin və ya torpaq sahələrinin hansılarınınsa sənədləşdirilməsinin mümkün olub-olmadığını müəyyənləşdirmək üçün çox vacibdir. Yəni, misal üçün, hansısa bir ərazi strateji əhəmiyyətli torpaqda, enerji xətlərinin altında və yaxud da neft mədənləri arasında yerləşir. Belə ərazilərdə yerləşən mənzil, obyekt hökmən sökülməlidir. Amma elə torpaq sahələri, əmlak var ki, onları sənədləşdirmək mümkündür. Bunlar hansısa mühafizə zolağından kənarda yerləşən, təhlükəsizlik qaydalarına cavab verən və yaşayış standartlarına uyğun tikililərdir.
Beləliklə, ekspertlər bütün hallarda məsələlərin qanun çərçivəsində həll olunmasının tərəfdarıdır. İndi isə vətəndaşın əmlakı sökülərkən ona kompensasiya verilməsi məsələsi ciddi problemə çevrilə bilər. Dövlət şəhadətnaməsi olan, sığortalanmış və qanun çərçivəsində vergisi ödənilən torpaqların üzərində tikilmiş evlər sökülərkən onun sahibinə kompensasiya ödəniləcəyi şübhə doğurmur. Digər hallarda isə bununla bağlı mürəkkəb vəziyyətin yaranacağı gözlənir.
Lakin bildirilir ki, burada, sadəcə olaraq, müvafiq strukturlar tərəfindən müəyyən köməkliklər edilə bilər. Çünki kompensasiya edilmək üçün böyük məbləğin verilməsi qanunda nəzərdə tutulmayıb.