Kommersiya bankları maliyyə böhranının yeni mərhələsini yetişdirir
Kredit faizlərindəki mövcud eniş nəyə gətirib çıxaracaq?
Cümşüd Nuriyev: "Bunun üçün bankların struktur, limit və kredit siyasətinə fikir verilməlidir"
Uzun müddətdir mətbuatda kommersiya banklarının kreditə görə faiz dərəcəsini azalmağın vacibliyi barədə fikirlər geniş yer alıb. Nəhayət bu fikirlər, deyəsən reallaşmağa başlayıb və faiz dərəcəsini aşağı salmaq bankların da ürəyincə olub. Belə ki, artıq bir sıra banklar keçən illə müqayisədə kredit faizlərində endirimlərə meyl etməyə başlayıb.
Kreditlərin ucuzlaşması, bankdan asılı olaraq, 1-5 faiz arasındadır. Görünür, yüksək faiz dərəcəsinin mənfi təsirləri bankları sıxışdırdığından, onlar nəhayət ki, çoxdan gözlənilən addımı atmalı oldular. Adətən yüksək faiz dərəcəsinin mövcud olduğu şəraitdə müştərilərin banklara etimadı da azalır və bunun nəticəsi olaraq banklarda müştəri qıtlığı yaşanır. Yəni ola bilsin ki, məhz müştərini itirmək təhlükəsi bankları belə hərəkət etməyə vadar edib. Rəsmi statistikaya görə, keçən ildən bu günə qədər kreditlərin dərəcələri 1 faiz aşağı düşüb. Bəzi banklarda bu daha böyük, 3-5 faiz həddindədir. Buna əsasən bəzi ekspertlər düşünür ki, proses cari ilin axırlarına kimi davam edəcək və ilin sonuna qədər daha 1 faizə qədər enmə baş verəcək.
Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik var və bu, bankların kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına təsir göstərib. Son 1 ildə bankların depozit portfelinin artdığı da bəllidir. Bunun özü də bankların gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldib. Bu halda bankların həm kreditləşmənin miqyasını genişləndirmək, həm də faizləri endirmək imkanları yaranıb. Onu da qeyd edək ki, əhalinin əmanətlərinin artım tempi kreditlərin artım tempini üstələyir. Bu ilin 6 ayı ərzində əhalinin əmanətləri 10 faiz artıb. Amma kredit qoyuluşu cəmi 5 faiz artıb. Bu o deməkdir ki, banklarda çox vəsait toplanmağa başlayır. Deməli, banka olan etimad da artır. Amma ödəniş qabiliyyətli kredit alanların sayı hələlik bu dərəcədə artmır.
Ekspertlərin fikrincə, kommersiya bankları kredit faizlərini endirməklə, istehlak kreditlərilə yanaşı, ipoteka kreditlərinin verilməsini də genişləndirə bilər. Banklarda deyirlər ki, hazırda istehlak kreditləri 30-36 faiz, biznes kreditləri 22-30 faiz, korporativ kreditlər isə 16-22 faizlə verilir. İlin sonuna kimi kreditlərin bir qədər də ucuzlaşacağını istisna etməyən bank mütəxəssisləri faiz dərəcələrinin maliyyə qurumlarından asılı olaraq dəyişəcəyini söyləyir. Başqa sözlə, maliyyə vəsaitlərini yüksək faizlə cəlb edən və inzibati xərcləri böyük olan bankların yüksək endirim etməsi mümkün olmayacaq. Söz yox ki, kredit faizinin aşağı düşməsi yaxın müddətdə həm bankların özündə, həm də istehsalatda bəzi müsbət tendensiyaların yaranmasına səbəb olacaq. Ümumiyyətlə, bu endirimin bankların vəziyyətində hansı dəyişikliklər yaradacağını bilmək üçün mütəxəssislərə müraciət etdik.
İqtisadçı ekspert Cümşüd Nuriyev atılan addımın kommersiya banklarının durumunda dəyişikliyə gətirəcəyinə inanmır: "Azərbaycan həqiqətlərini nəzərə alsaq, bu bir qədər inandırıcı görünmür. Çünki Azərbaycan həqiqətlərinə görə, banklar hətta əmanətlərin özündən kredit şəklində istifadə edərkən ona qoyulan faiz 22-nin üzərindədir. Qoyulan 3 illik əmanətlərə maksimal 17 faiz, bir illiyə isə 14 faiz verilir. Belə şəraitdə bunun 22-27 faizə qalxması yolverilməz haldır. Hər halda, pul-kredit siyasətinə yenidən baxmaq lazımdır. 2011-ci il büdcəsinin yeni pul-kredit siyasətində, monetar siyasətlə bərabər, sərt pul-kredit siyasəti həyata keçirilməlidir. Bu sərtlik uçot dərəcəsilə bağlı olmalıdır". C. Nuriyev bildirdi ki, əmanətləri cəlb etmək üçün Mərkəzi Bankın yürütdüyü siyasəti kommersiya bankları daha çox öz maraqlarına uyğunlaşdırmağa çalışır: "Banka əmanət qoyulmasına və onun kredit xəttinin bir ay ərzində ödənilməsinə çalışılmasına baxmayaraq, banklar illik faizin dərəcəsini qoyur.
Bu isə yolverilən deyil. Lakin buna baxan yoxdur. Banklarda söz sahiblərinin əksəriyyəti bu işdən uzaq insanlardır. Kommersiya bankı hələ biznes deyil. Amma bizdə bunu qarışdırırlar. Onlar qısa müddətdə böyük gəlir götürməyə cəhd edir və bu cəhdlər ciddi problemlər yaradır. Ölkədə həm bankların struktur, həm limit, həm də kredit siyasətinə fikir verilməlidir. Xaricdən alınan kreditin qaytarılmasına da həmçinin. Çəkilən xərclər də əslində özünü doğrultmur. Çünki çox yüksək qiymət qoyulur. Həmin siyasət isə bankı çökdürür. Bankın nüfuzunun qalxması üçün onun hörməti olmalıdır. Bizdə özünü doğrultmayan banklar da var.
Amma bununla belə, onlara xüsusi perefensial şərait yaradılır. Hazırda kommersiya banklarının yürütdüyü pul-kredit siyasəti Azərbaycanda yeni maliyyə böhranının yaranması ehtimalını artırır. Özü də bu böhran, dünya maliyyə böhranından heç də geri qalmayaraq, ölkəyə sözün həqiqi mənasında ciddi ziyan vura bilər. Bunu diqqətdə saxlamaq lazımdır".
Rüfət SULTAN