Eynulla Fətullayev 16 məhkəmə protokolunun 10-u ilə tanış olduğu üçün vəsatət qaldırdı
.jpg)
Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevin şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. APA-nın xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyilə keçirilən prosesdə Eynulla Fətullayev vəsatətlə çıxış edib.
Təqsirləndirilən bildirib ki, qeyd edilən cinayət işilə bağlı Qaradağ Rayon Məhkəməsində 16 məhkəmə iclası keçirilib, o, həmin proseslərdən yalnız 10-nun protokolları ilə tanış olub. E.Fətullayev digər protokollarla tanış olmaq üçün məhkəmədən əlavə vaxt istəyib. O, həmçinin qeyd edib ki, məhkəmənin protokollarında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Avtandil Ağayevin fikirləri yer almayıb.
Dövlət ittihamçısı E.Fətullayevin vəsatəti barədə danışaraq deyib ki, ona protokollarla tanış olmaq üçün kifayət qədər vaxt verilib, əlavə vaxt ayırmağa qanunvericilik imkan vermir. Təqsirləndirilənin vəkili İsaxan Aşurov isə qanunda bununla bağlı vaxt məhdudiyyətinin nəzərdə tutulmadığını bildirib. Məhkəmə E.Fətullayevin vəsatətini təmin edib. Proses sentyabrın 7-dək təxirə salınıb.