.jpg)
Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqla (DUİ) razılaşdırdığı bəzi dairələri Xalq Cəbhəsi Partiyası (AXCP) ilə də müzakirə edir.
"Müsavat Partiyası bizimlə razılaşdırdığı dairələrdə AXCP-yə güzəştə gedərsə, bu yeni situasiyalar yaradacaq. Bu, Müsavatın bizimlə razılaşdırdığı dairələri yenidən müzakirəyə çıxaran qarşı tərəfin problemidir" - bunu cümə axşamı Trend-ə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.
Müxalif Müsavat Partiyası və DUİ çərşənbə günü bəyanat imzalayıb. Bəyanatda DUİ ilə Müsavat arasında razılıq əldə edilən dairələrdən səkkizi - 8 saylı Binəqədi I, 25 saylı Nəsimi II, 26 saylı Sabunçu I, 29 saylı Səbail, 34 saylı Xətai II, 41 saylı Sumqayıt I, 79 saylı İmişli, 115 saylı Şəki kənd II seçki dairələri AXCP ilə yenidən müzakirələrə çıxarılıb.
Məsələyə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da münasibət bildirib. "Razılaşdırılan dairələr DUİ tərəfindən Müsavata güzəştə gedilən dairələrdir. Müsavatın DUİ-yə güzəştə getdiyi dairələr AXCP ilə müzakirə olunmur və AXCP bu məsələyə loyal yanaşır. Biz DUİ ilə razılaşdırdığımız dairələrdə DUİ-nin namizədlərini müdafiə edəcəyik" - Hacılı Trend-ə deyib.