Narazı tələbələr ABU-nun qarşısında aksiyada diploma görə üç min manat verdiklərini car çəkdilər
.jpg)
Dünən Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universitetinin (ABU) lisenziyasını ləğv etməsilə əlaqədar olaraq universitetdə təhsil alan tələbələr və valideynləri etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə, təxminən 60-a yaxın şikayətçi ABU-nun qarşısına toplaşaraq universitetin bağlanmasına etiraz edib.
Aksiya iştirakçılarından biri, 2004-cü ildə universitetin Maliyyə-kredit fakultəsini bitirən Cəfər adlı şəxs ANS PRESS-ə açıqlamasında bu günə qədər diplom ala bilmədiyini bildirib. Aksiyaçının sözlərinə görə, diploma görə ondan 3000 manat da alıblar. 2008-ci ildə universiteti bitirən Səfərəli Əzizov da diplom almaq üçün 3000 manatdan çox pul verdiyini, amma hələ də sənədini ala bilmədiyini qeyd edib.
Universitetin bağlanmasından isə ən çox burada təhsil alan tələbələr narahatdır. "Mən III kurs tələbəsiyəm. Bilmirəm aqibətim necə olacaq? ABU-ya test üsulu ilə daxil olsam da, hələlik mənə dəqiq məlumat verən yoxdur" - deyə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin tələbəsi Cavid vurğulayıb.
ABU-da həmkarlar təşkilatının sədri Rabil Amanov ANS PRESS-ə açıqlamasında məsələdən yeni xəbər tutduğunu bildirib: "Mən də sizin kimi universitetin bağlanması xəbərini yeni eşitmişəm. Təşvişə düşmək lazım deyil. Təhsil Nazirliyi nə deyirsə, biz ona razı olacağıq. Hazırda burda universitetin rəhbərliyindən heç kim yoxdur. Hamı istirahətdədir. Diplomların verilməsinə gəlincə, kimlərin sənədləri qanunidir, hamısı diplom alıb. Hazırda təhsil alan tələbələr də digər özəl universitetlərə köçürüləcək. Universitetə qanunsuz daxil olan yoxdur. Daha heç nə bilmirəm".
Sonra isə tələbə və valideyn Təhsil Nazirliyi qarşısına toplaşıb. Lent.az-ın məlumatına görə, günorta saatlarında universitetin həyətinə toplaşan tələbə və valideynlər bu özəl ali məktəblə bağlı baş verənləri öyrənmək istəyib. Ancaq universitet rəhbərliyindən onları heç kəs qəbul etməyib. Bu səbəbdən də valideynlər və tələbələrin bir qrupu marşrut avtobuslara doluşaraq Təhsil Nazirliyinə yollanıb.
Nazirlikdə isə onlara bildirilib ki, hazırda müvafiq kurslarda qanuni şəkildə təhsilini davam etdirənlərin siyahısı hazırlanır və belə tələbələr başqa özəl ali məktəblərdə təhsilini davam etdirəcək. Təhsilini başa vurmuş, lakin hələ də diplom almayanların problemlərini universitet rəhbərliyi özü həll edəcək.
Nazirliyin nümayəndələri tələbə və valideynlərə xəbərdarlıq edib ki, tələbələrin köçürülməsi, akademik borclarının olub-olmaması ilə bağlı araşdırmalara sentyabrın 10-dan sonra başlanacaq. Odur ki, tələbələr və valideynlər həmin müddətdən sonra Təhsil Nazirliyinə müraciət edə bilər.
Təhsil naziri Misir Mərdanovun əmrilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələri təhsillərini davam etdirmək üçün yalnız özəl ali məktəblərə köçürüləcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin İcra Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, hazırda tələbələrin köçürüləcəyi özəl məktəblər müəyyənləşdirilir. Tələbələr digər ali məktəblərə köçürülmə zamanı yalnız öz ixtisaslarına uyğun ixtisaslara yerləşdiriləcək. Hazırda ABU-nun qanuni yolla təhsil alan 2000-ə yaxın tələbəsi var. Onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilə ali məktəbə daxil olanlardır. Həmin tələbələrin sırasında başqa ali məktəblərdən ABU-ya qanuni yolla köçürülənlər də var.
Nazirlikdən bildirilib ki, köçürülmə zamanı tələbələrin ABU-da təhsil aldığı ixtisas üzrə təhsil haqqı ilə köçürüləcəyi məktəbdəki ixtisasın təhsil haqqı arasında fərqin olmamasına çalışılacaq. Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, ABU-ya qanuni yolla qəbul olunub məktəbi bu il bitirən məzunlara diplomların verilməsində heç bir problem yaranmayacaq.
Təhsil Nazirliyinin qərarı ilə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində hazırkı tələbələrin sayı təxminən 2 min 700 nəfərdir. Artıq iki ildir universitetə qəbul aparılmadığından, bu say ali məktəbin üçüncü və dördüncü kurslarında təhsil alanlara aiddir. Bu barədə "OLAYLAR"a məlumat verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə bildirib ki, həmin tələbələrdən 1260-ı universitetə qanuni yolla qəbul olunanlardır. Qalan tələbələrin isə ali məktəbə hansı yolla daxil olduğu məlum deyil. B.Hüseynzadənin sözlərinə görə, ali məktəbə qanuni yolla qəbul olan tələbələr müvafiq özəl universitetlərə yerləşdiriləcək. Yerləşdirilmə prosesi nazirliyin əmri əsasında həyata keçiriləcək. Universitetə qanunsuz yolla qəbul olanların aqibətinə gəlincə isə, B.Hüseynzadə bildirib ki, onların "təhsili" artıq başa çatıb və həmin tələbələr diplom ala bilməyəcək. Qeyd edək ki, hələ universitetin fəaliyyət göstərdiyi dövrdə də belə tələbələr olub ki, onlara diplom verilməyib.
Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Nazirliyin İcra Aparatından verilən məlumata görə, adıçəkilən məktəb lisenziyasının uzadılması üçün müraciət edib. Amma TN-in Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma apardıqdan sonra lisenziyanın müddətinin uzadılmaması barədə qərar verib. Səbəb kimi isə məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlar göstərilir.