Rusiya Qazaxıstandan aldığı taxılı, yaxud öz taxılını Azərbaycana, Gürcüstana və Ermənistana baha satmağa çalışacaq
.jpg)
Srağagün Rusiya hökuməti taxıl ixracının dayandırılması ilə bağlı qərarını yumşaldıb. Hökumətin verdiyi yeni qərara əsasən, taxılın xaricə satılmasına humanitar yardımın göstərilməsi, xarici sazişlərin yerinə yetirilməsi və digər hallarda icazə veriləcək. İstisnalar həm də Rusiyanın xaricdəki diplomatik və digər rəsmi nümayəndəliklərinə və bu ölkənin xaricdəki hərbi qüvvələrinin təminatı ilə bağlı məsələlərə aid edilir.
Xatırladaq ki, Rusiyada baş verən anomal istilər 2010-cu ildə taxıl qıtlığına səbəb olub. Cari ilin yazında qonşu ölkənin hökuməti 90 milyon ton buğdanın yığılacağını planlaşdırsa da, avqust ayında bu rəqəm 70-75 milyon tona düşüb. Məhz bu səbəbdən də Rusiyanın baş naziri Vladimir Putin avqustun 5-dən adıçəkilən dövlətdən taxıl ixracına qadağa qoyub. Rusiya hökumətinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov başqa ölkələrə taxıl ixracına qadağa qoyulması faktını təsdiqləyərək bildirib ki, sözügedən qadağa avqustun 15-dən dekabrın 31-dək davam edəcək. Təbii ki, Rusiyanın məlum addımı dünya bazarında taxıl böhranının yaranmasına və qıtlıq üzündən bahalaşmanın başlanmasına təkan verib. Bundan başqa, əvvəlki illərdən fərqli olaraq, cari ildə istehsalın azalması nəticəsində Qazaxıstanda 15 milyon ton taxıl məhsulunun toplanacağı və əvvəlki illərlə müqayisədə daha az həcmdə - 8 milyon ton taxılın ixrac ediləcəyi barədə fikirlər də sözügedən böhranı, qıtlığı və bahalaşmanı sürətləndirib.
Qazaxıstan MDB-nin yeganə taxıl təchizatçısına çevrilir
Qeyd edək ki, dünya bazarlarına taxıl və taxıl məhsullarını satışa çıxaran ölkələr arasında Qazaxıstan və Rusiya ilə yanaşı, İran,Çin, Kanada və ABŞ kimi dövlətlər də var. Lakin sonuncu ölkələrin dünya bazarlarındakı taxıl və taxıl məhsulları keyfiyətcə Rusiya və Qazaxıstanın məhsullarından aşağı səviyyədədir. Bu baxımdan da hətta ən ucuz qiymətə satılan İran taxılına belə tələbat kifayət qədər deyil. Ancaq bununla belə, Rusiyanın taxıl ixracına qadağa qoyması sonucda dünya bazarında həmin ölkənin yerini daha çox Qazaxıstanın tutmasına şərait yaradıb. Bu səbəbdən də İran, Çin, Kanada və ABŞ-dan fərqli olaraq, Qazaxıstan bu ölkə ilə müqaviləsi olan şirkətlərə, əməkdaşlıq sazişi bağlanmış dövlətlərə taxılın hər tonu üçün yeni tariflər təqdim etməyə başlayıb. Məsələn, bir neçə gün öncə Qazaxıstanın Azərbaycandakı fövqəladə və saləhiyyətli səfiri Serik Primbetov bəyan edib ki, Qazaxıstan Azərbaycanın taxıla olan tələbatını təmin etməyə hazırdır. O, Rusiyanın taxıl ixracına qadağa qoyduğunu xatırladaraq, hazırda Qazaxıstanın postsovet məkanında əsas taxıl təchizatçısı olduğunu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Qazaxıstandan 500 min ton taxıl alır, ölkənin ümumi tələbatı isə 1 milyon tondur. Qazaxıstan Azərbaycana taxıl satmağa hazırdır. Yalnız qiymətlə bağlı məsələ razılaşdırılmalıdır. Bu gün üçün taxılın qiyməti 230 dollardır. Məlumat üçün onu da bildirək ki, MDB-də, Qazaxıstan və Rusiyadan başqa, Belarus da taxıl ixcaratçısı olan ölkə kimi tanınır. Ancaq sonuncu dövlətdə də taxıl istehsalı aşağı düşdüyündən, Belarusun hər hansı bir ölkəyə taxıl ixrac edəcəyi barədə rəsmi məlumatlar yoxdur. Həm Belarusun, həm də Rusiyanın taxıl ixracatçısı kimi iştirakdan boyun qaçırması isə Qazaxıstana MDB-də yeganə taxıl təchizatçısı rolunu oynamaq imkanı verib. Digər tərəfdən, Qazaxıstan ixrac etmək istədiyi 8 milyon ton taxılın 2 milyon tonunu Rusiya, İran və digər ölkələr üçün nəzərdə tutsa da, Rusiyanın 5 milyon ton taxılı idxal etmək istəməsi vəziyyəti xeyli mürəkkəbləşdirib. Başqa sözlə, taxıl ixracı üçün Qazaxıstana müraciət edən dövlətlərin sayının artması bu ölkənin inhisarçılıq mövqeyini möhkəmlədib. Bu səbəbdən də adıçəkilən dövlət 8 milyon ton taxılın 5 milyon tonunu Rusiyaya, 3 milyon tonunu isə digər dövlətlərə istədiyi qiymətə satmağa hazırlaşır. Məsələn, səfir Serik Primbetovun dediyi kimi, Azərbaycanın ümumi tələbatı 1 milyon ton taxıldırsa, 2 milyon ton taxılı əldə etmək uğrunda rəqabətə başlayan dövlətlərin çoxluğunu nəzərə alsaq, Qazaxıstanın Azərbaycana 1 ton taxılı 230 dollardan baha satacağı məlum məsələdir. Bu səbəbdən də Rusiyanın 5 milyon ton taxılı idxal etməsi Qazaxıstanın MDB dövlətlərində, xüsusilə də Qafqaz regionunda inhisarçılıq təsirlərini azaltmaq, öz iqtisadi mövqelərini daha da möhkəmləndirmək məqsədi güdür. Taxıl ixracına qadağa ilə bağlı qərarın yumşaldılması da bu məqsəddən irəli gəlir.
Rusiya Qazaxıstanı Qafqazdan sıxışdırıb çıxarmaq istəyir
Xatırlatmaq yerinə düşər ki, cari ilin avqust ayının 9-dan etibarən Ermənistanda çörək və unun bahalaşması prosesinə start verilib. Bahalaşmanın səbəbi isə Rusiyadan Ermənistana buğda gəlməməsi ilə əlaqələndirilib. Ermənistan bazarlarında əvvəllər 20 dollara satılan 1 kisə unun qiyməti sonradan 28 dollardan baha satılıb. Hətta 1 kisə unun qiymətində 1,3 dollar artım müşahidə edilib. Gürcüstanda da bu ilin avqustun 21-dən etibarən çörək və un bahalaşıb. Həmin ölkədə çörəyin qiymətində 10-15 tetri artım müşahidə olunub. Bununla əlaqədar bazar və dükanlarda satılan un kisələri də 15 lari bahalaşıb. Çörək istehsalçıları Gürcüstanda çörəyin və unun bahalaşmasının səbəbini Rusiyanın taxıl məhsuluna embarqo qoyması ilə əlaqələndirib. Qeyd olunan faktlardan da da göründüyü kimi, Gürcüstan və Ermənistan bazarları daha çox Rusiyadan asılı vəziyyətdədir. Düzdür, Ermənistan İrandan taxıl almaq üçün danışıqlar aparsa da, idxal ediləcək məhsulun oradakı tələbatı tam ödəməyəcəyi bəllidir. Onu da bildirək ki, Azərbaycan tələbatını ödəmək üçün Qazaxıstandan 85, Rusiyadan isə 15 faiz taxıl ixrac edirdi. Ancaq qonşu dövlətin taxıl ixracına qadağasından sonra 15 faizlik tələbatın ödənilməsi üçün yeni bazarların axtarılmasına zərurət yaranmışdı. Bu səbəbdən də demək olar ki, Rusiyanın 5 milyon taxılı almaqda məqsədi əslində daxili tələbatı ödəmək deyil. Çünki Rusiya Qazaxıstanı Qafqaz ölkələrindən sıxışdırıb çıxarmağa, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistanı özünün iqtisadi inhisarında saxlamağa çalışır. Ona görə də, böyük ehtimalla, Rusiya Qazaxıstandan aldığı, yaxud özünün istehsal etdiyi taxılı hər üç dövlətə ixrac edəcək.