.jpg)
Ermənistanada hakimiyyət dəyişikliyinin olması artıq qaçılmaz prosesə çevrilib. Belə bir açıqlama ilə erməni ekspert Suren Surenyan çıxış edib. Onun sözlərinə görə, budəfəki hakimiyyət dəyişikliyinə rəvac verən əsas amil iqtisadi böhran və qiymətlərin sürətlə qalxmasıdır.
Təhlillər göstərir ki, həqiqətən də Ermənistanda vəziyyət olduqca acınacaqlıdır. Ötən avqust ayında Ermənistanda yaşayış səviyyəsi daha da pisləşib. Un və un məhsulları da daxil olmaqla, bütün gündəlik təlabat mallarının qiymətləri artıb. Pərakəndə satış obyektlərində hər gün qiymətlər yenilənir. Ermənistanın "İqtisadi rəqabətin qorunması dövlət komissiyası"nın apardığı yoxlamalara əsasən, avqust ayı ərzində 28 adda ərzaq məhsulunun qiyməti artıb. İnzibati tədbirlərin sərtləşdirilməsinə baxmayaraq, inflyasiya templərinin qarşısını almaq mümkünsüzdür. Çünki ölkə iqtisadiyyatı inhisarçı qüvvələrin əlindədir. Yüz minlərlə ölkə vətandaşı bahalaşmanın təsirindən əziyyət çəkir. Ekspertlər yeganə çıxış yolunu ölkə iqtisadiyyatında köklü dəyişikliklərin aparılmasında görür. Rusiyanın taxıl ixracına qadağa qoyması Ermənistanda un və çörəyin qiymətini artırıb. Yaxın aylarda taxıl qıtlığının yaranma təhlükəsi ististna deyil. Əhali problemin səbəbini kənd təsərrüfatı nazirliyinin səhlənkar siyasətində görür. Çünki dünyada taxılın ucuzlaşdığı bir vaxtda Ermənistanda çörək bahalaşıb. Taxıl idxalı ilə məşğul olan şirkət sahiblərilə görüşündə kənd təsərrüfatı naziri Gerasim Alaverdyan bahalaşmanın səbəbini enerji daşıyıcıları və nəqliyyat tariflərinin artması ilə izah edir. Rusiyanın taxıl ixracına embarqo qoyduğunu nəzərə alan Ermənistan lazım olan taxılı İrandan alacaq. Bu barədə tərəflər arasında danışıqlar aparılıb. Ermənistanın digər taxıl ixracatçıları Bolqarıstan, Qazaxıstan və Ukraynadır. İndi Ermənistanda taxılın tonu 380 dollarıdır. Bu isə hazırkı dünya qiymətlərindən 130 dollar bahadır. İqtisadçılar hesab edir ki, vəziyyətin bu həddə çatması Ermənistanda hökumət böhranı yaradır.
Ermənistanın aparıcı ekspertlərindən olan Vahan Xaçaturyan bununla bağlı deyir ki, hökumətin açıqladığı rəqəmlər heç bir reallığı əks etdirmir. Onun sözlərinə görə, belə davam edərsə, erməni əhalisi payızda dəhşətli qiymət artımı ilə yanaşı, həm də aclıqla üzləşə bilər: "Hökumət iddia edir ki, inflyasiya 10 faizi keçməyəcək. Lakin indidən bəllidir ki, qiymət artımı artıq 50 faizə yaxınlaşır. Payızda isə elektrik enerjisinin qiymətlərini qaldırmağa hazırlaşırlar. Bu tam bir fəlakət deməkdir". Onun sözlərinə görə, dünya bazarından ayrı şəkildə fəaliyyət göstərən Ermənistan birjasına artan qiymətlərin heç bir aidiyyəti yoxdur: "Dünya bazarında taxılın qiymətinin artdığı məlumdur. Amma bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Bizdə qiymət artımını inhisarçılar yaradır. Onlar da korrupsionerləri rüşvətlə təmin etdiyindən məsələnin üzərinə getmək mümkün olmur".
Ermənistan İstehlakçıların Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Abqar Yeqoyan isə bildirir ki, Rusiyanın taxılla bağlı verdiyi son qərardan sonra ölkədə ajiotaj yaranmağa başlayıb. Onun sözlərinə görə, qiymətləri sabit saxlamaq üçün İrəvan hökuməti bir sıra addımlar atmalıdır və həmin addımlardan biri də büdcədən əlavə 5 faizlik yardımların təşkil edilməsidir. Lakin Yeqoyan deyib ki, İrəvan hökumətinin bu qədər pulu tapmaq imkanı yoxdur. Ölkənin Kənd Təsərrüfatı Nazirliyini (KTN) kənd təsərrüfatı sektorunda eksperiment aparan bir qurum olaraq təqdim edən qəzetlər yazır ki, hazırkı məqamda Ermənistan kəndlisi məhv olmaq üzrədir. Onların fikrincə, faktiki dönəmdə taxıl istehsalının azalmasına səbəb də hökumətin kənd təsərrüfatına xüsusi diqqət yetirməməsidir.
Ermənistanda hakimiyyətdən narazılıq predmetinə çevrilmiş daha bir məsələ isə ölkənin xaricdən, o cümlədən rusiyadan asılılığının güclənməsidir. Xüsusən də Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin imzalanmasından sonra Ermənistan daxilində hakimiyyətə qarşı narazılıqlar artmağa başlayıb. Rusiya hərbi bazasının Ermənistanda qalmasının müddətinin uzadılması ilə əlaqədar Erməni İctimai Hərəkatı Partiyasının idarə heyətinin üzvü Ovanes İgityan deyib ki, son vaxtlar Ermənistan rəhbərliyi elə sənədlərə imza atıb ki, onları müxtəlif cür şərh etmək olar.
O xatırladıb ki, əvvəlki müqaviləyə əsasən, Rusiyanın Gümrüdəki bazası haqqında müqavilənin müddəti, tərəflər razılığa gəldiyi təqdirdə, daha 5 il müddətinə uzadıla bilərdi. Bəs niyə bu müddət daha 25 il uzadılıb? O.İgityanın sözlərinə görə, Rusiya anlayır ki, yaxın gələcəkdə Ermənistanda Sarkisyan qədər zəif prezident olmayacaq. O hesab edir ki, müqavilədə Rusiyanın Ermənistanı konkret olaraq kimdən müdafiə etmək istədiyini dəqiqləşdirmək lazım idi. Söhbət yalnız Rusiyanın maraqlarından gedirsə, Ermənistan kompensasiya tələb etməli idi.