Gömrük Komitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinin polemikasına Cümşüd Nuriyev də qoşuldu
"Dövlət taxıl əkilməsinə görə subsidiya verirsə, o zaman nəyə görə idxal zamanı ƏDV götürülməlidir?"
.jpg)
Məlum olduğu kimi, ölkəmizə idxal edilən taxılın əlavə dəyər vergisindən azad olunub-olunmaması ilə bağlı rəsmi qurumlar arasında fikir ayrılığı yaranıb.
Belə ki, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi idxal edilən taxılın əlavə dəyər vergisindən azad olunması üçün Nazirlər Kabinetinə müraciət etmişdi. Nazirlik tezliklə müraciətinə müsbət cavab alacağını gözləyirdi.
Lakin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin son açıqlamaları proseslərin heç də Kənd Təsərrüfatı Nazirliyinin proqnozlaşdırdığı kimi getməyəcəyini göstərir. Aydın Əliyevin mətbuata açıqlamasına görə, Azərbaycanda bu il taxıl idxalı ilə bağlı heç bir problem gözlənilmir. Onun sözlərinə görə, təkcə avqust ayı ərzində ölkəyə 140 min tondan artıq taxıl idxal olunub: "İdxalın həcmi Azərbaycanda bu il taxılla bağlı heç bir problemin olmayacağından xəbər verir".
Taxıl idxalının əlavə dəyər vergisindən (18%) yenidən azad edilməsi perspektivlərinə gəldikdə isə, A.Əliyev bildirib ki, hazırda ölkəyə taxıl idxalı davam edir və onun qiymətində böyük bir fərq müşahidə olunmur: "Hesab edirəm ki, idxal olunan taxılın ƏDV-dən azad olunmasına zərurət yoxdur".
Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də ölkədə bu il taxıl qıtlığının olmayacağını bildirir, bununla yanaşı, taxıl idxalının ƏDV-dən azad edilməsini təklif edirdi. Üç gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev "Azadlıq" radiosuna müsahibəsində bununla bağlı qeyd edib ki, Qazaxıstanın Azərbaycana taxılı yeni qiymətlə, tonunu təxminən 230 dollara satması sərfəlidir: "Bu qiymət yaxşıdır, bizə sərf edir. Bir-iki günə ölkəyə gətirilən taxıl məhsullarına 18 faizlik əlavə dəyər vergisi götürüləcək. Bundan sonra qiymət 18 faiz, yəni 39 manat 60 qəpik az olacaq".
Göründüyü kimi, iki rəsmi şəxs arasında bu cür ziddiyyətli açıqlamalar eyni zamanda paradoks yaradır. O zaman kim haqlıdır?
Müstəqil ekspert Cümşüd Nuriyev məsələyə münasibət bildirərkən DGK sədrinin sərgilədiyi mövqeyi haqlı hesab etdi. Onun sözlərinə görə, KTN-in ümumiyyətlə ƏDV-nin götürülməsi istəyi düzgün deyil: "Dövlət bunu tənzimləyə bilirsə, ƏDV-nin götürülməsi dövlət üçün o qədər də uğurlu deyil. Çünki dövlət vahid fiskal siyasət yürütməlidir. Fiskal siyasət müxtəlif olanda, istər-istəməz, dövlətdə çətinliklər yaranır. Bu mənada, DGK-nin sədri A.Əliyevin fikirləri daha düzgündür. Azərbaycan 1 ay ərzində 140 min ton taxıl qəbul edə bilirsə, bu, ölkənin yaxın 2-3 ayının ehtiyacıdır. Nəzərə alsaq ki, ilin sonuna qədər idxal prosesi gedəcək, deməli KTN-in verdiyi bəyanata o qədər də ehtiyac qalmayacaq. Dövlət onsuz da ölkə daxilində taxılçılığı stimullaşdırmaq üçün hər hektara 40 manat pul verir. Ancaq göstərilən əkin sahələri ilə, taxılçılıqdakı məhsuldarlıq arasında çox ciddi fərqlər var. O baxımdan bu, korrupsiyanın yeni növüdür - dotasiya korrupsiyası. Yəni Azərbaycan bir sıra göstəricilər üzrə fərqlənə bilməsə də, dövlətin verdiyi dotasiyanı mənimsəmək üzrə ixtisaslaşıb. Mənə elə gəlir ki, Hesablama Palatası hər hektara görə verilən subsidiyanı mütləq yoxlamalıdır. Bu talançılığın qarşısını almalıdır. Dövlət taxıl məhsulunun əkilməsinə görə subsidiya verirsə, o zaman nəyə görə idxal zamanı ƏDV götürülməlidir? Zəhmət çəksinlər, ayrılan subsidiyanı təyinati üzrə xərcləsinlər. Bunu həyata keçirmək KTN-in borcudur. Təəssüflər olsun ki, Nazirlər Kabinetinin səbatsız iş fəaliyyəti üzündən sözügedən sahədə problemlər yaşanmaqda davam edir".