Sumqayıtda bıçaqlanan üç Seyidov qardaşlarından biri ölüb
Qatil Pərvin Novruzov həbs edildi
Baş Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat açıqlayıb
Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə srağagün gecə Sumqayıtın "Kimyaçılar" qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 23 yaşlı Pərvin Vəli oğlu Novruzov şəxsi münaqişə zəminində qonşusu, 25 yaşlı Asif Əliislam oğlu Seyidovu və onun qardaşı Ayazı bıçaqlayıb. Asif Seyidov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Ayaz isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat açıqlayıb. APA-nın nazirliyin internet saytına istinadən xəbərinə görə, sentyabrın 1-də saat 23.00 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində qəsəbə sakini Novruzov Pərvin Vəli oğlu münaqişə zəminində qonşuları Asif Seyidovu bıçaqla qətlə yetirib, onun qardaşları Araz və Ayaza isə xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb. Sumqayıtda törədilən qətllə bağlı Baş Prokurorluq da məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 2-də saat 23:10-da Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Asif Əlislam oğlunun qəsdən öldürülməsilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsindən Şəhər Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto və videoçəkilişlər aparılmaqla baxış keçirilib, meyitin döş qəfəsinin ön səthində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan bir ədəd xəsarət aşkar edilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin olunub. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində P.Novruzov sentyabrın 2-də saat 04:30 radələrində cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.
Xəbər xidməti