.jpg)
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Şəmkirli Saşa" kimi tanınan iş adamı Şahbaz Süleymanova silahlı hücum etməkdə təqsirləndirilən "Qoca" ləqəbli Namiq Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyilə keçirilən prosesdə zərərçəkən tərəfin məhkəməyə gəlmədiyi bildirib və qeyd olunub ki, cinayət işində zərərçəkmiş kimi tanınan Şahbaz Süleymanovun səhhətində olan problem onun prosesdə ifadə verməsinə imkan vermir.
Təqsirləndirilən N.Məmmədov isə prosesdə ifadə verməyəcəyini deyib. Bundan sonra məhkəmə prosesin şahid ifadələrilə davam etdirilməsi barədə qərar verib. Prosesdə ifadə verən şahidlər ittiham üzrə hakimlərin, vəkillərin və prokurorun suallarını cavablandırıb.
Proses sentyabrın 14-də davam etdiriləcək.
İttihama görə, 2010-cu il fevralın 28-dən martın 1-nə keçən gecə Yasamal rayonu ərazisində, Hüseyn Cavid parkının yaxınlığında "Şəmkirli Saşa" kimi tanınan Şahbaz Süleymanov silahlı basqına məruz qalıb. Ş.Süleymanov "Mercedes" markalı avtomobilində olarkən ona tapançadan atəş açılıb. Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib. İstintaq zamanı məlum olub ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, "Şəmkir" Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla "Qoca" ləqəbli şəxs arasında pul üstündə mübahisə yaranıb. Belə ki, "Şəmkirli Saşa" borc aldığı böyük məbləğdə pulu qaytardıqdan sonra ondan əlavə faiz tələb olunub. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açılıb. Hadisəni törətməkdə şübhəli bilinən "Qoca" ləqəbli Namiq Məmmədov saxlanıb.
N.Məmmədov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, satma, saxlama, daşıma, gəzdirmə) maddələrilə ittiham olunur.