Prokuror "Əmrahbank"ın keçmiş əməkdaşlarının hər birinə 9 il həbs istədi
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Əmrahbank" ASC-nin keçmiş əməkdaşlarının cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı cinayətlərinin sübuta yetirildiyi qənaətinə gəlindiyini söyləyib. Prokuror məhkəmədən bankın proqramlaşdırma şöbəsinin keçmiş müdiri Zaur Mehbalıyevin, həmin şöbənin mütəxəssisi Bəxtiyar Məmmədovun, Murad Şirinovun, Ramin Xəlilovun və Ziya Xudiyevin hər birinə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib. Proses sentyabrın 30-da müdafiə çıxışları ilə davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər "Əmrahbank"ın Gəncə filialından külli miqdarda pulu "Zaminbank"ın Masallı filialına qanunsuz olaraq köçürüblər. Onlar daha sonra "Zaminbank"ın Masallı filialından həmin pulu çıxararaq mənimsəyiblər.
Həmçinin, ittiham olunanlar bankın "Universal" filialından Tovuz filialına, həmçinin Rusiya vətəndaşlarının adına saxta yolla pul yazaraq həmin dövlətin banklarına köçürüblər. Sonra isə dəstənin həmin ölkədə olan üzvlərinin köməyilə həmin pul çıxarılaraq, poçt vasitəsilə Azərbaycana qaytarılıb və burada mənimsənilib.