.jpg)
Redaksiyamıza İsmayıllı Rayonu Hacıhətəmli kənd sakini Kərimov İdris Camaləddin oğlu tərəfindən məktub daxil olub. Ölkə prezidentinə, müxtəlif dövlət qurumlarına və bəzi KİV-ə ünvanlanan bu məktubda Hacıhətəmli kəndində fəaliyyət göstərən şirkətin ciddi qanun pozuntularından xəbər verilir.
Müəllif iddia edir ki, şirkət xüsusi pay və kəndətrafı torpaqları zəbt edib, xüsusi pay torpaqlarında qanunsuz tikinti işləri aparır, örüş yerlərindən torpaq daşımaqla kəndin mal-qarasına ziyan vurur, şikayət etdikləri halda kənd əhalisini həbs etdirəcəyini bildirir. Zəbt etdiyi torpaqların haqqını ödəməkdən boyun qaçırır və digər qanun pozuntuları ilə məşğuldur.
"Bakı-Xəbər" olaraq, müəllifin məktubunda qeyd etdiyi bəzi məqamları çap etməklə yanaşı, təəssüflə bildiririk ki, İ.Kərimovun məktubunda həmin şirkətin nə adı, nə də dəqiq ünvanı göstərilib. Məktub müəllifinin şirkət barədə daha ətraflı məlumatını və qarşı tərəfin arqumentlərini çap etməyə hazırıq.