Vahid Məhərrəmov: "İdxal ƏDV-i götürülməli, çörək sexlərinə və dəyirmanlara dotasiya ödənilməlidir"
.jpg)
Azərbaycanda bölgələr üzrə bir-birinin ardınca çörəyin qiyməti qalxır. Öncə bu tendensiya özünü regionlarda göstərməyə başlasa da, indi paytaxt Bakıda da analoji proses gedir. Çörəyin bahalaşmasına səbəb kimi isə unun qiymətinin artması göstərilir. Məsələn, Ucarda 50 kiloqramlıq kisələrdə satılan unun qiyməti son 3 ayda 3-4 manat, axırıncı 10 gündə isə 2 manatadək artıb.
İndiyə kimi 50 kiloqramlıq un 15 manata satılırdısa, indi qiymət 18-19 manat olub. Həmin rayonda unun qiymətinin qalxması isə çörəyin çəkisinə təsir edib. Əlbəttə ki, azalma mənasında. Əvvəllər 30 qəpiklik çörəyin çəkisi 500-600 qram idisə, hazırda, 350-400 qrama enib. Çəkinin azalması da əslində qiymətin qalxması deməkdir. İsmayıllıda da alıcılara təklif olunan unun qiymətində 3 manatlıq artım var. Belə ki, 16 manatlıq bir kisə un indi 19 manata təklif olunur. Bu hal un məmulatlarının qiymətinə də təsir edib. Məsələn, makaronun qiymətində 50-70 qəpik arası artım müşahidə olunur. Mətbuatın yazdığına görə, artıq iki gündür Bakıda da çörək sexləri çörəyin qiymətini qaldırıb. Bu hal özünü, əsasən də, təndir çörəyilə qara çörəkdə göstərir. Verilən məlumatlara görə, onların qiymətində 10 qəpiyə qədər bahalaşma var. Paytaxtın çörək sexlərində 30 qəpiyə olan qara çörək indi artıq 40, 40 qəpiklik təndir çörəyi isə 50 qəpiyə satılır. Məsələn, Badamdar qəsəbəsindəki "Qurd qapısı" restoranı ilə üz-üzə yerləşən çörək sexində satılan 40 qəpiklik təndir çörəyi artıq 50 qəpiyə təklif olunur. Un kisəsinin qiymətində isə 5-7 manatlıq yüksəlmə özünü göstərir. Bu hal zavod çörəyinə də təsirsiz ötüşməyib. Məlumatlara görə, onun qiyməti qalxmasa da, çəkisində 150-200 qramadək azalma müşahidə olunur. Düzdür, hələlik müvafiq rəsmi qurumlar bu halları təsdiqləmir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti apardığı monitorinq nəticəsində belə qənaətə gəlib ki, çörək və un qıtlığı müşahidə edilmir, onların qiymətində artım və çörəyin çəkisinin azalması halları baş verməyib. Bununla belə, gələn informasiyalar bu sahədə vəziyyətin heç də stabil olmadığından xəbər verir. Qeyd edək ki, bu il Azərbaycanda keçən ilkindən az taxıl tədarük ediləcəyi gözlənir. Belədə taxıl idxalının artırılmasına ehtiyac var. Azərbaycan taxılı əsasən Rusiya və Qazaxıstandan idxal edir. Lakin son zamanlar şimal qonşumuz taxıl ixracını dayandırmaq barədə qərar verib. Azərbaycanın taxıl idxalında 85 faiz paya malik olan Qazaxıstan isə əvvəlki illərə nisbətən az miqdarda, cəmi 5 milyon ton taxıl ixrac etməyi planlaşdırır ki, bunu da bütünlüklə Rusiya almaq niyyətindədir. Belədə, Azərbaycan taxıl idxalı sahəsində də çətinliklərlə üzləşə bilər. Vəziyyətin qəliz olmasına rəvac verən bir amil də taxıl idxalına qoyulan 18 faizlik əlavə dəyər vergisidir (ƏDV). Bu məqamı nəzərə alsaq, idxal buğdasının bir tonunun 290-300 manatdan ucuz olmayacağını proqnozlaşdıra bilərik. Belə vəziyyətsə sahibkarları xaricdən taxıl gətirmək üçün əlavə mənbələr axtarmağa həvəsləndirmir. Bütün hallarda, sözügedən məsələdə prosesin heç də ürəkaçan səviyyədə getmədiyini görə bilərik. Bu isə vəziyyətin sözün həqiqi mənasında daha da pisləşməməsi və bahalaşmanın qarşısını almaq üçün bir sıra addımlar atılmasını vacib edir. Ekspertlərlə apardığımız söhbət də məhz bu istiqamətdədir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bu zaman inzibati metodları yolverilməz hesab edir: "Onu deyim ki, inzibati metodlarla qiymət artımının qarşısını almaq bazar iqtisadiyyatı şəraitində yaşayan bir ölkə üçün normal hal deyil. Eyni zamanda, belə metodun effekti olmur. İnzibati üsulla qiymət endirilsə, üç-dörd aydan sonra tamam başqa bir mənzərənin şahidi olacağıq. Yəni belə tədbirlər əks təsir göstərəcək. Bu sahədə çalışan adamlar, çörək istehsal edən sexlər onsuz da elə də böyük fayda əldə etmir. Bunların bir qismi mərhələ-mərhələ sıradan çıxır. Bəziləri isə bu sahədə ciddi gəlir olduğunu düşünərək yenidən prosesə qoşulur. Ancaq çörəyin qiymətinin qalxmasının qarşısını almaq məqsədilə inzibati resurslar işə düşərsə, bizi daha təhlükəli məqam gözləyəcək. Bu halda həmin sahədə çalışanlar istehsal prosesindən çəkinər, belədə isə ölkəni aclıq gözləyir. Hökumət bunları hökmən nəzərə almalıdır". Həmsöhbətimiz problemin məhsul istehsalı ilə bağlı olaraq yarandığını dedi: "Problem satış məntəqələri və çörək bişirən sexlərdə deyil. Problem məhsulun istehsalındadır. Bu il buğda çatışmazlığı hiss olunur. Ərzaq buğdası çatışmadığı, bazarda təklif azaldığı üçün qiymətlər qalxır". Ekspert çıxış yolunu isə buğda idxalına qoyulan ƏDV-nin götürülməsində və çörək sexlərinə dotasiya verilməsində görür: "Hökumət çörəyin qiymət artımının qarşısını almaq istəyirsə, daha çox ərzaq buğdası idxal etməlidir. Çünki mövcud daxili potensialımız prosesə təsir edərək qiyməti azaltmağa imkan vermir. Təklifi artırmaq üçün xaricdən buğda idxal edilməlidir. Bu gün xaricdə buğdanın qiyməti bahadır. Gətirilən buğdanın qiyməti daxildə olan buğdanın qiyməti səviyyəsinə çatacaq. Bu nəzərə alınmalıdır. Ona görə də hökumət buğda idxalına qoyulan ƏDV-ni götürməlidir. Bununla yanaşı, çörək bişirmə ilə məşğul olan müəssisələrə, dəyirmanlara hansısa formada müəyyən miqdar dotasiya ödəməlidir ki, çörəyin qiyməti bahalaşmasın.
Problemin kökü axtarılmalıdır. Bu da taxılla bağlıdır. Hökumət təklifin artırılmasına nail olmalıdır, bunun üçün də stimullaşdırma metodundan istifadə etməlidir. Çörək istehsalı sahəsi inhisarda deyil, burada ciddi rəqabət var.
Ona görədir ki, qiymət əvvəlcə bir bölgədə qalxır, sonra başqasına keçir və nəhayət həmin proses Bakıya da çatır. Maya dəyəri artırsa, sahibkar qiyməti qaldırmağa məhkumdur. O axı ziyana işləyə bilməz. Belədə qiyməti qaldırmalı olur. Bu da normaldır. Məmurların təsirilə qiyməti qaldıra bilməsə, əvəzində çörəyin çəkisini azaldır. Elə bu da əslində qiymətin qalxması deməkdir".