İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan iki nəfəri həbs edib
İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosunun əməkdaşları beynəlxalq axtarışda olan iki nəfəri həbs edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179) maddəsilə axtarışda olan Rafəddin Əsgərov Ukraynada tutulub. Əsgərovun ölkəmizə ekstradisiya olunması üçün tədbirlər görülür. İnterpolun Milli Mərkəzi Bürosu və Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin mənimsəmə və ya israfetmə (179) maddəsi ilə axtarışda olan Çingiz Vəkilov Sankt-Peterburq şəhərində saxlanıb. Vəkilovun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür.