İqtisadçı Vüqar Bayramov 18 saylı Nərimanov-Nizami dairəsindən deputatlığa namizəd veriləcək
"İqtidara və müxalifətə yaxın blokların namizədliyimin dəstəklənməsilə bağlı təkliflərini qəbul etmədim"
.jpg)
- Bizdə olan məlumata görə, noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindəsiniz və hazırda yaşadığınız 18 saylı Nərimanov-Nizami dairəsindən seçkilərə qatılmağı planlaşdırırsınız. Bu seçkilərdə müstəqil namizəd kimi iştirak edəcəksiniz...
- Doğrudur. Mənə həm iqtidara, həm də müxalifətə yaxın bloklardan namizədliyimin dəstəklənməsilə bağlı təkliflər göndərilsə də, onların heç birini qəbul etməmişəm və seçkilərdə müstəqil namizəd kimi çıxış edəcəyimi bildirmişəm. Çünki mən iqtisadçı-ekspert olduğum üçün müstəqil namizəd olmağım mənə sosial və sosial-iqtisadi məsələləri müstəqil qiymətləndirmə imkanı yaradacaq. Yəni mən sözügedən məsələlərə siyasi yanaşmadan baxmaq istəmirəm. Seçkilər ərəfəsində aparacağım kampaniyada da daha çox sosial məsələlərə üstünlük verəcəyəm. Bu kampaniyada siyasi məsələlərin yer almayacağını birmənalı şəkildə vurğulayıram. Deputat seçilsəm, iqtisadçı kimi həm seçicilərimin, həm də digər vətəndaşların sosial və sosial-iqtisadi məsələlərilə daha çox məşğul olacağam. Deputat olduqdan sonra ölkədəki sosial və sosial-iqtisadi məsələlərin Milli Məclisdə müzakirəyə çıxarılması ilə yanaşı, iqtisadi qanunvericiliyin hazırlanmasında da öz təcrübəmdən bəhrələnməklə müəyyən xidmətlərimi yerinə yetirəcəyəm. Onu da deyim ki, xarici ölkələrdə ən çox məqalələri çap olunan Azərbaycan iqtisadçılarından biriyəm. Mənim məqalələrim 25 xarici dilə tərcümə olunaraq dünyanın bir çox ölkələrinə yayılır. Ona görə də mənim adım bir müddət öncə dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısına salınıb. Həmin siyahıdakılar arasında Azərbaycandan seçilən 5 nəfərdən, eləcə də elm və iqtisad kateqoriyasına adı daxil edilən alimlərdən biri də mən olmuşam. Antiböhran və digər proqramların hazırlanmasında, Azərbaycanla yanaşı, Yunanıstanda və Qazaxıstanda beynəlxalq ekspert kimi iştirak etmişəm. Bu səbəbdən də, millət vəkili seçilsəm, beynəlxalq nüfuzum hesabına Azərbaycanın beynəlxalq iqtisadi dairələrində daha yaxşı təmsil olunması üçün əlimdən gələni edə bilərəm. Bundan başqa, beynəlxalq aləmdə tanınmış iqtisadçı alim kimi beynəlxalq iqtisadi əlaqələrin möhkəmlənməsi və Azərbaycanın iqtisadi elminin inkişafına böyük töhfələr verməyim mümkündür. Digər tərəfdən, təcrübəm və elmi biliyim sayəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişafın saxlanmasına da köməyim dəyə bilər. Bir sözlə, deputat seçilməyim Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli müsbət rola malik olacaq.