21-ci Yüzil Türkiyə İnstitutu İranın Azərbaycana münasibəti barədə maraqlı təhlil verib
.jpg)
Təxminən 10 gün öncə Türkiyədə olarkən bir çox elm adamları, ziyalılar, siyasətçilər və ictimai xadimlərlə görüşdüm. Xüsusilə, Türkiyə və Orta Şərqdə ciddi geosiyasi araşdırmaları ilə tanınmış "XXI əsr Türkiyə İnstitutu"ndakı ("21-ci Yüzyıl Türkiye Enstitüsü") görüşlərim və oranın mütəxəssislərindən götürdüyüm müsahibələrin Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacağını nəzərə alaraq, onları dərc etmək qərarına gəldim.
Məlumat üçün bildirək ki, "XXI əsr Türkiyə İnstitutu" Türkiyənin tanınmış strateji araşdırma qurumlarından biridir. Bu qurum Türkiyənin daxili və xarici siyasəti, regional siyasət, beynəlxalq münasibətlər, milli təhlükəsizlik məsələləri sahəsinde strateji analiz və hesabatları ilə tanınır. Müsahibimiz qurumun İran və Yaxın Şərq Mərkəzinin rəhbəri Arif Keskindir.
- Arif bəy, İranın Azərbaycan-Ermənistan münasibətlərinin həll edilməsində vasitəçilik niyyətilə çıxış etməsinə necə baxırsınız? Bu niyyətin nəticəsi ola bilərmi?
- İran bundan öncə də vasitəçilik cəhdlərində olmuş və bu cəhdi Azərbaycanın torpaq itirməsinə səbəb olmuşdur. İran vasitəçilikdə heç vaxt səmimi olmayıb. Fikrimcə, Azərbaycan dövləti də buna müsbət baxmamalıdır. Bu çox önəmli məsələdir. Azərbaycan hökuməti İranın tərəfsiz olduğuna inanmır. Çünki Qarabağ problemi məsələsində İran həmişə Ermənistanı himayə edib. İran bu münaqişənin Azərbaycanın xeyrinə həll olunmasını istəmir və buna görə də İranın vasitəçiliyi Azərbaycanın xeyrinə olmaz. Bildiyiniz kimi, İranda 30 milyon azərbaycanlı var. İran Azərbaycan hökumətinin iqtisadi, siyasi və mədəniyyət baxımından güclü olması durumunda Cənubi Azərbaycanın da "cazibə mərkəzi" olacağını bilir. Ona görə İran üçün Şimali Azərbaycanın başının həmişə dərddə olması lazımdır.
Qarabağ münaqişəsi Azərbaycanın milli kimliyinin tamamlanmasını əngəlləyir. İnsanların şüuraltında zəif olduqları fikri özünə yer edir, ölkənin imici dünyada mənfiləşdirilir. İran da bu amildən ciddi şəkildə faydalanır. Bununla yanaşı, İranın dünyadakı yəhudi diasporuna qarşı erməni lobbisinə ehtiyacı var. Buna görə də erməni lobbisinin dəstəyini almaq və Ermənistanı müdafiə etməklə, həm də, Türkiyə-Azərbaycan münasibətlərinin zəifləməsini istəyir. Bu niyyət sahibinin vasitəçiliyinin Azərbaycana müsbət nəticə verməyəcəyi açıqdır.
Bu gün Ermənistan Qarabağı əlində tuta bilirsə, bunun ən önəmli səbəblərindən biri Rusiyadırsa, digəri İrandır. Hər iki dövlət Ermənistanın bütün təhlükəsizlik problemlərinin həll olunmasında aktiv iştirak edir. İran Qarabağ problemində Azərbaycanın mövqeyini müdafiə etsəydi, vəziyyət başqa cür olacaqdı.
- Bəs, BMT-nin İrana tətbiq etdiyi sanksiyalar bu ölkənin daxili siyasətinə necə təsir edə bilər?
- Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İran əleyhinə 5 qərar çıxarılıb ki, bunlardan 4-ü sanksiyadır. Son qərardan öncəkilər o qədər təsirli olmasa da, sonuncu çox təsirlidir. Buna birinci səbəb keçən il iyul ayında İranda prezident seçkiləri var idi. Nəticədə Əhmedinejad seçildi, seçkilərə etiraz edənlər isə öldürüldü. Dövlət içi münaqişə dərinləşdi və bunun ölkənin nüvə diplomatiyasına da təsiri oldu. İnsanlar bir-birini öldürəcək qədər bir-birinə düşmən kəsildi. Xüsusən, yaşıl hərəkatçılar Əhmədinejadın ölkəni uçuruma apardığını düşünürlər. Vətəndaşlar İrana tətbiq edilən sanksiyalarda məhz prezidentin günahkar olduğunu deyir.
Bildiyiniz kimi, İrana tətbiq edilən sanksiyalar ölkənin nüvə çalışmaları ilə bağlıdır. İndiyə qədər bu səbəbi aşan sanksiya olmamışdı. Bu sanksiyalar Əhmedinejada qarşı müharibə ehtimalını daha çox artırdı. Əhmedinejadın yanlış iqtisadi siyasəti İranda inflyasiyanın yüksəlişinə səbəb oldu. Bir çox iş yerlərinin bağlanmaq, bir çox sənaye obyektlərinin, bankların iflas həddində olduğu iddia edilir. Bu sanksiya ilə psixoloji olaraq da İrana xarici yatırımın azalmasına səbəb oldu. Bir çox ölkələr yatırımdan qorxmağa başladılar. Xarici siyasətdə də İranın işi çətinləşdi. Nüvə məsələsində Avropa Amerikaya yaxınlaşdı. Rusiya, xüsusilə də Medvedyev İrana sərt münasibət göstərdi və İranın Şanxay işbirliyinə girməsinə mane oldu.
Çinin və ərəb dövlətlərinin də İrana yönəlik dili sərtləşdi. Hətta ərəb ölkələrində Amerikaya "İranı niyə vurmursunuz" deyəcək bir ifadə var. Ərəb dövlətlərinin İranı vurmaq üçün hava sahəsini verməsi haqqında şayiələr belə gəzir. Və ərəb ölkələri bu iddiaları inkar etmir. Bütün bunlar İranın xarici siyasətdə tək qaldığını göstərir. Bütün bu mənfi vəziyyətin Əhmedinejadın yanlış xarici siyasətinin nəticəsi olduğunu deyirlər. Əhmedinejadın yaratdığı imiclə İran ərəb dövlətləri üçün düşmən olaraq İsraildən öndə gəlir. Bütün bunlar ölkə daxilində insanların hökumətə etirazını durmadan artırmaqdadır. Amerika və İsrailin İranla müharibəsi ehtimalı da tez-tez səslənir ki, bu da İranın iqtisadi həyatına mənfi təsir edir.
- İran-Amerika müharibəsi mümkündürmü? Mümkündürsə, nə zaman?
- Bir çox insanın belə bir fikri var ki, Amerika İrana müdaxilə edə bilməz. Mən bu fikirlə razı deyiləm. Təbii ki, bu müharibənin şəkli, ölçüsü müzakirə mövzusu ola bilər. Amma müharibənin olması imkan daxilindədir. Niyə? Baxın, Amerika İranın nüvə silahı əldə etməsini qəbul etmir. Çünki nüvə silahına malik İranın Amerikanın regiondakı maraqlarına mənfi təsir etmə imkanı var. Bundan başqa, bölgədə nüvə silahı yarışı başlayar ki, bu da Amerikanın, ümumiyyətlə Qərbin qorxulu röyasına çevrilər. Çünki bu bölgədə ciddi islamçılıq, radikalizmin kökləri və münbit şərait var. Bu gün Amerika regiona çox ciddi şəkildə girmək istəyir.
Amerika həm Yaxın Şərqə, həm Qafqaza və Mərkəzi Asiyaya, həm də Əfqanıstana və İraqa girib. İranın varlığı bu girişlərə mənfi təsir edir. Fikrimcə, İran-Amerika münasibətləri yaxşı olsa, Rusiyanın Qafqaz və Mərkəzi Asiyada təsir dairəsi azalar. Buna görə də, Amerikanın Rusiyanın təsirini azaltmaq istəyinin yolu İrandan keçir.
Ümumiyyətlə, Amerika-İran münasibətləri həll olunma dönəminə girib. 30 il sürən model bu gün davam edə bilmir. Səbəblər nüvə silahı çalışmaları, regiona girmək istəyi, İranın buna mane olmasıdır. Bu münasibətlər ya elə, ya da belə nəticələnməlidir. Amerikalılar bunu hər hansı bir şəkildə nəticələndirmək istəyir. Danışıq yolu ilə bu münasibət yaxşılaşmasa, müharibə qaçılmaz olacaq. Bu iki dövlət arasında danışıq, müzakirə aparmaq ehtimalı da var. İran prezidenti Əhmedinejad "Obama ilə görüşə bilərəm", Obama isə "görüşərəm, amma bir neçə şərtim olacaq" demişdi. Hər ikisi müzakirəyə açıqdır. Aralarında bizi təəccübləndirəcək şey müzakirələrin başlanması ola bilər. Bugünkü şərtlər davam edərsə, müharibə ehtimalı var.
- Region dövləti olaraq, Azərbaycan Amerika ve İran arasında qalarsa, hansı ölkəni dəstəkləməlidir?
- Məncə, İranda müharibə olsa, Azərbaycan regionun ən güclü ölkəsi halına gələcək. Səbəb cənubdakı azərbaycanlılardır. Ancaq fikrimcə, Azərbaycan bu münaqişənin hər hansı bir tərəfi olmaq istəməyəcək və orta mövqe seçəcək. Bu bir tərəfdən Azərbaycanın xeyrinə ola bilər, digər tərəfdən isə əlinə düşmüş tarixi fürsəti qaçırmış olar. Məsələn, Qarabağ məsələsində Amerikadan nəsə istəyə bilər. Yəni Qarabağ məsələsində bir şey almadan və bu münasibətlərin nəticəsi bəlli olmadan tərəf tutması Azərbaycanın xeyrinə olmaz. Amma istər-istəməz, Azərbaycanın ayağı işin içinə çəkiləcək. Ona görə, məncə, Azərbaycan fəal tərəfsizlik deyə biləcəyim siyasət izləməli, öz maraqlarını maksimum şəkildə diqqətə alaraq hərəkət etməlidir. Digər tərəfdən də, cənubdakı azərbaycanlıların üzərindəki nüfuzunu qorumalı, onları yanında tuta biləcəyi siyasət ortaya qoymalıdır.
- İran-Türkiyə münasibətlərinin gələcəyini necə görürsünüz?
- Türkiyə və İran coğrafi mövqe, tarixi, geosiyasi, əhalisinin sayı və mədəniyyət kimliyi etibarilə bölgənin ən önəmli ölkələridir. Hər iki ölkənin də yaxşı qonşuluq münasibətlərinə ehtiyacı var. Böyüklükləri hər iki tərəfə geniş bir coğrafi məkanda işbirliyi imkanı və ehtiyacı verir. İran Türkiyə üçün Orta Asiyaya uzanan nəqliyyat yolları imkanını təmin edərkən Türkiyə İran üçün Avropaya açılan bir qapı rolundadır. Türkiyə İranla münasibətləri yaxşılaşdırmaq istəyir. Bunda həm istəkli, həm səmimi, həm də ciddidir. Türkiyə İranla münasibətinin yaxşı olmasını iqtisadi, siyasi və regional anlamda xeyrinə olduğunu düşünür. Buna görə bu münasibətləri bacara bildiyi qədər yaxşılaşdırmaq istəyir. Ancaq bunu nə qədər bacaracaq, o mübahisəli məsələdir. Çünki 2 ölkədə rejimlər bir-birilə zidd olacaq qədər fərqlidir. Birincisi dini, ikincisi dünyəvi dövlətdir. Hər ikisinin beynəlxalq aləmdə mövqeyi bir-birindən fərqlidir. Türkiyə NATO-nun üzvü, ABŞ-ın yaxın dostu, İran isə ABŞ-ın düşmənidir.
Bundan başqa, Türkiyə və İranın regional maraqları da üst-üstə düşmür. Və Türkiyənin Qafqazda ən yaxın dostu Azərbaycandırsa, İran bacara bildiyincə Azərbaycanı əzir. Bu iki ölkənin Yaxın Şərqdə də siyasətləri üst-üstə düşmür.
Bu gün iki ölkə arasında münasibət yalnız iki sahədə: iqtisadiyyat və təhlükəsizlik sahəsində mümkündür. Nə regional, nə də beynəlxalq işbirliyi, hərbi münasibət yoxdur, mədəniyyət sahəsində isə əməkdaşlıq aşağı səviyyədədir. Ölkələr arasında turistlər varsa da, bu, ticari məna ifadə edir. İrandan Türkiyəyə hər il 1 milyon adam gəlir, amma Türkiyədən İrana çox az insan gedir. İrandan gələnlər Türkiyədə daha çox əyləncə məkanlarına maraq göstərir. Türkiyənin Amerika və Azərbaycanla qurduğu siyasət İranda yoxdur. Türkiyə İranda iqtisadi yatırım qoya bilmir. Bu onun xeyrinə deyil.
Türkiyə İrandan məhsul idxal edə bilir, amma ixrac edə bilmir. Bu məsələdə bir çox problemlər var. İran və Türkiyənin ikili münasibəti yaxşıdır: ikisi də bir-birini incitmək istəmir, münasibətlərində təzyiqdən qaçır. Ancaq burdan yola çıxsaq, münasibətlərin gələcəyi ürəkaçan olmaya bilər.