Türkiyə İranın "Nabukko"dan kənarda saxlanmasını istəmir
Türkiyənin enerji və təbii qaynaqlar naziri: "İranın "Nabucco" layihəsindən kənarda saxlanması haqda fikirlər çox erkən çıxarılmış nəticədir"
İranın "Nabucco" layihəsindən kənarda saxlanması haqda fikirlər çox erkən çıxarılmış nəticədir və reallığı əks etdirmir.
"APA-Economics"in Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib. Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Türkmənistan, İraq və İranı "Nabucco" qaz kəmərinin əsas təchizatçıları kimi qəbul edir: "Qaz tədarükü ilə bağlı çalışmalarımız üç təməl nöqtədən giriş üzərində qurulub. Bunlardan biri Gürcüstan sərhədi dediyimiz Azərbaycan qaz girişi, ikincisi İran girişi, üçüncüsü isə İraq girişidir".
T.Yıldız bildirib ki, hazırda İraq və Azərbaycan girişi ilə əlaqədar bağlantı nöqtələrinə daha çox diqqət yetirirlər: "Görünür, İranın "Nabucco" layihəsindən kənarda saxlanması haqda fikirlər də buradan qaynaqlanıb".
Nazir ötən həftə Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə "Nabucco" layihəsinə dair müzakirələr apardıqlarını diqqətə çatdırıb: "Ümid edirəm ki, "Nabucco" kəməri üçün əsas qaz mənbələrinin müəyyənləşdirilməsilə bağlı çalışmalarımız ilin sonuna qədər yekunlaşacaq".