Qazaxıstan Azərbaycana taxıl verməkdən imtina etsə...
Vüqar Bayramov: "Payızda çörəyin çəkisinin azalmasının, ya da qiymət bahalaşmasının şahidi olacağıq"
.jpg)
Cari ildə baş verən təbii fəlakətlər dünya miqyasında taxıl istehsalının azalmasına səbəb olub. Bu hal özünü nəinki təkcə Azərbaycanda, hətta taxılın əsas ixracatçılarından olan qonşu Rusiya və Qazaxıstanda da göstərir. Buna müvafiq olaraq, taxılın qiymətində də artımlar baş verməkdədir. İndi taxılın bir kiloqramının qiyməti 21-23 qəpik arasındadır.
Rusiya bu il üçün 90 milyon ton buğda yığılacağını planlaşdırdığı halda, cəmi 70-75 milyon ton istehsal edilib. Həmin səbəb üzündən Rusiya taxıl ixracına ilin sonuna kimi qadağa qoyub. Maraqlıdır ki, Moskva taxıl ixracına qadağa qoysa da, idxaldan vaz keçməyib. Belə ki, onlar Qazaxıstandan daha böyük miqdarda taxıl idxal etməyi düşünürlər. Qazaxıstanın da bu sahədə vəziyyəti heç də ürəkaçan deyil. Onlar daxili tələbatı ödəmək gücündə olsalar da, ixracı azaltmaq niyyətindədirlər. Belə ki, verilən məlumatlara görə, rəsmi Astana, əvvəllərdə olduğu kimi, il ərzində 8 milyon deyil, cəmi 5 milyon ton taxıl ixrac etməyi planlaşdırır. Yəni o da ixracı azaltmaq məcburiyyətindədir, Hələlik bu ixracın 2 milyon tonu Rusiya üçün nəzərdə tutulub. Moskva həqiqətən də idxalı artırmaqda israrlı olsa, bu, Qazaxıstandan taxıl idxal edən digərləri, o cümlədən Azərbaycan üçün arzuedilməz ola bilər. Qeyd edək ki, Azərbaycanın taxıl idxalında Rusiyanın çəkisi 13-15 faiz civarındadır, hansı ki, ixracın dayandırılması ilə onu da ala bilməyəcək. Belədə bütün ümidlər Astanaya qalır. Lakin Rusiyanın Qazaxıstandan taxıl alışını artırması ilə Azərbaycana bu yolla gələn həmin məhsulun həcmində də kəskin azalma baş verə bilər. Hətta ola bilsin ki, Qazaxıstan belə halda taxılı bizə satmaqdan ümumiyyətlə vaz keçsin. Bəzi ekspertlər Rusiyanın bu addımını yaxın qonşularını özündən taxıl asılılığına salmaq istəyi kimi dəyərləndirir. Yəni onlara görə, burada siyasi amillər var. Çünki əslində Rusiyanın taxıl idxalını artırmasına ehtiyacı yoxdur. Onun taxıla olan illik tələbatı 67 milyon tona qədərdir. Cari ildə 75 milyon ton yığıblarsa, deməli onların 8 milyon tona yaxın ehtiyatı olacaq. Belə halda onun Qazaxıstandan taxıl almaqda bir məqsədi ola bilər. O da taxıl ehtiyatını əsasən öz əlində cəmləşdirib, onun qiymətinin qalxmasına nail olmaq və yalnız bundan sonra ixrac etməkdən ibarətdir. İndiki qiymətlərlə müqayisə etsək, ekspertlərə görə, gələn ilin əvvəlində taxılın qiyməti hardasa iki dəfəyə qədər arta bilər. Bu yolla da Rusiya qonşularını özündən asılı vəziyyətə salmağı düşünür. Belə vəziyyət, böyük ehtimalla, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələri Qazaxıstanın taxıl bazarından sıxışdırıb çıxarmağa hesablanıb.
Görəsən, belə vəziyyət ölkəmizə necə təsir edəcək? Qazaxıstan bizə taxıl ixracından vaz keçərmi?
Müstəqil iqtisadçı ekspert Cümşüd Nuriyev bildirdi ki, ortada müqavilə varsa, Qazaxıstan onu icra etməyə borcludur: "Müqavilə bağlanıbsa, o bundan vaz keçə bilməz. İlin sonuna qədər bu ölkə ilə taxılla bağlı hansı səviyyədə müqaviləsinin olub-olmadığını deyə bilmərəm. Uzunmüddətli, yəni perspektiv müqavilə varsa, Qazaxıstan ondan qaça bilməz. Lakin müqavilənin müddəti yanvarda bitirsə, yeni müqavilə bağlamaya da bilər. Astananın əsasən Moskvanın dediyilə oturub-durduğunu nəzərə alsaq, onların bizə taxıl satmaqdan vaz keçəcəyini gözləmək olar. Bu il taxılla bağlı Azərbaycanın problemi olacaq. İqtisadi cəhətdən maliyyə böhranından Azərbaycan qaçıbsa, cari ildə iqtisadi böhrandan qaça bilməyəcək. Çünki ölkə daxilində onu təmin edəcək ərzaq təminatı lazımi səviyyəyə qaldırılmadı. Xüsusən də yanvar-fevral aylarında taxıla ciddi ehtiyac olacaq".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bu fikirdədir ki, Rusiyanın taxıl ixracına qoyduğu qadağa və Qazaxıstandan aldığı həcmi artırması bütövlükdə regionda taxılla təminata ciddi mənfi təsir edəcək: "Onların Qazaxıstandan taxıl idxalının həcmini isə artıraraq ildə 5 milyon tona çatdıracağı gözlənir. Belədə Azərbaycanın Astanadan taxıl almasında müəyyən problemlərin yaşanması mümkündür. Ölkəmizin taxıla olan illik tələbatı 3 milyon tondur. Həmin tələbat isə daxili mənbələr hesabına ödənilə bilmir. Cari ildə taxıl istehsalının 2,1 milyon tona qədər azalması ehtimal edilir. Azərbaycanın buğdaya olan tələbatı isə 1,7 milyon ton olduğu halda, cəmi 1 milyon ton buğda istehsalı nəzərdə tutulub. Bu baxımdan taxıl və buğdaya olan tələbat yerli istehsal hesabına ödənilə bilməyəcək. Ona görə də taxıl idxal etmək məcburiyyətindəyik. Azərbaycanın iş adamları taxılı əsasən Rusiya və Qazaxıstandan idxal etməyə üstünlük verir. Bu da ənənə halı alması və digər ölkələrdən idxalın daha baha başa gəlməsilə bağlıdır. İndi güman edilir ki, Azərbaycan İrandan taxıl idxal etmək niyyətindədir. Amma yeni idxal mənbələrinin tapılması bahalıdır. Qazaxıstan taxılına müştərinin artıq olduğunu və ixracatla bağlı qadağaları nəzərə alsaq, güman etmək olar ki, ölkəmizin taxılla təminatı sahəsində müəyyən problemlər yaransın. Artıq çörəyin keyfiyyətinin zəifləməsi müşahidə olunur. Hökumət taxıl idxalına görə əlavə dəyər vergisini ləğv etməlidir. Dövlət Taxıl Fondu əhalidən aldığı taxılın keyfiyyətilə bağlı standartlara yenidən baxmalıdır. Bütün hallarda gözlənir ki, payızda çörəyin ya çəkisinin azalmasının, ya da qiymətin bahalaşmasının şahidi olacağıq. Qazaxıstan üçün taxılını kimin almasının əhəmiyyəti yoxdur. Amma Rusiya böyük bazar olduğundan, Astananın əsas diqqəti məhz buraya yönəldəcəyi istisna deyil. Belədə Azərbaycan iş adamlarının bu ölkədən taxıl almaq imkanları da zəifləyir".