.jpg)
Seçkilər yaxınlaşdıqca bəzi mətbu orqanlarda hakimiyyətin və onun ayrı-ayrı üzvlərinin tənqidinə yönəlik "etibarlı mənbə" adı ilə informasiyalar da intensivləşir. Artıq mətbuatda bu və ya digər məmurun bir-birilə yola getməməsi, bir-birinin maraqlarına toxunduğu, hətta ailə-məişət xarakterli məlumatlar geniş yer alıb.
Belə məlumatların həqiqət olub-olmadığını demək çətindir. Amma hər halda, görünür, kimlərsə bunda maraqlıdır ki, belə informasiyalar artıb. Söz yox ki, belə məqalələrin ortaya çıxmasında müxtəlif qüvvələrin marağı var. Özü də bu qüvvələr təkcə müxalifət düşərgəsində deyil. Görəsən, seçki ərəfəsi bu amil nə deməkdir? Ona kimlərinsə kənardan süni gərginlik yaratmaq cəhdi, yoxsa təbii proses kimi baxmaq olar?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bunu təbii proses hesab edir: "Hər bir seçkiqabağı vəziyyətə nəzər yetirsək, xüsusən də müxalifətin nəzarəti altında olan mətbuatda bu tip yazıların xeyli dərəcədə çoxaldığını görərik. Bu hal prezident seçkilərində də özünü göstərir, amma parlament seçkilərində daha genişmiqyaslı xarakter alır. Bu da təbiidir. Mövcud hakimiyyət arasında ziddiyyətin nə qədər dərin olduğunu göstərmək üçün, hər şeydən əvvəl, buradakı qruplar və məmurlar arasındakı ziddiyyətləri qabartmaq lazımdır. Bu həm də ona xidmət edir ki, ziddiyyətlər nə qədər çox olarsa, hakimiyyətin zəifliyi təsəvvürü də yarana bilər. Bununla belə, informasiyaları yayanlar hakimiyyətə və ayrı-ayrı məmurlara daha çox etimadsızlıq mühiti formalaşdırmaq istəyir. Ona həm də bəzi məmurlar tərəfindən müxalifətə verilən maliyyə vəsaitlərinin artmasına gətirib çıxaracaq instrument kimi baxmaq olar. Belə olan halda hakimiyyət daxilində mərkəzdənqaçma meyllərinin güclənməsi müşahidə oluna bilər ki, bu da ayrı-ayrı qruplara maliyyə axınının artması ilə nəticələnər. Zaman-zaman ayrı-ayrı kütləvi informasiya vasitələrində bir sıra məmurlar barədə informasiyalar sızdırılır. Bu, rəqibləri sıradan çıxarmağa hesablanmış bilərəkdən sızdırılan məlumatlar da olur. Amma həmin hərəkətlər bütövlükdə, strateji baxımdan bu iqtidarın zəifləməsinə və seçicilərin ona olan etimadsızlığının artmasına yönəlik bir priyom kimi də qəbul edilməlidir. Eyni zamanda, bir sıra kütləvi informasiya vasitələrinin özləri də seçki ərəfəsində cərəyan edən ziddiyyətlər fonunda əlavə vəsaitlərin özlərinə cəlb edilməsi barədə də fikirləşə bilərlər. Hər halda, ən çox maliyyə vəsaiti əldə etmək imkanı məhz seçkilər ərəfəsi yaranır. Bu hal bütün düşərgələrə aid olan məsələdir. Ona görə də vaxtaşırı belə informasiyaları eşidirik. Belə informasiyalar, əsasən şayiələrə söykənir, amma bəzən, necə deyərlər, "od olmasa tüstü çıxmaz" misalına da aid ola bilər.
Bəzi məmurların iştahası olduqca böyükdür, onların əxlaq qaydalarından kənara çıxmaları barədə də məlumatlar artmaqdadır. Bəziləri neqativ xüsusiyyətləri özünün həyat tərzinə çevirib.
Buradan çıxan digər nəticəyə görə isə, həmin informasiyalar, özü də doğru olanı, bəzi hallarda hökuməti nüfuzdan salan məmurlardan imtina edilməsi tendensiyasını da gücləndirər. Seçki ərəfəsi bir neçə dəfə belə halların da şahidi olmuşuq. Güman edirəm ki, bu seçkidən sonra da hansısa məmurlardan imtina edilməsi baş verə bilər".