Bəzi bank və tikinti şirkətlərinin böyük sövdələşməsi...
Sövdələşmə baş tutacağı təqdirdə tikinti şirkətlərinin çoxunun daha ağır duruma düşəcəyi gözlənir
.jpg)
Məlum olduğu kimi, ölkədə tikinti şirkətləri üzləşdiyi ciddi maliyyə böhranından hələ də tam çıxa bilməyib. Tikinti sektorunda yaranan durğunluq bu sahədə fəaliyyət göstərən şirkətlərin işini iflic vəziyyətə salıb. Proseslərin gedişi tikinti sektorunda yaşanan durğunluğun hələ uzun müddət davam edəcəyini istisna etmir.
Bu da mənzil tikintisilə məşğul olan şirkətlərin sayının getdikcə azalması ilə nəticələnir. Hətta paytaxtdakı tikinti şirkətlərinin bir çoxu işləri dayandırmaq məcburiyyətində qalıb. Artıq bir çox şirkətin tikinti biznesini tərk etdiyi bildirilir.
İpoteka kreditləşməsinin bərpası da tikinti şirkətlərini yaşanan çətinlikliklər məngənəsindən xilas edə bilmədi. Təbii ki,bunun da əsas səbəblərindən biri kredit təklifilə tələb arasında böyük fərq nisbətinin olmasıdır. Yəni ipoteka krediti almaq istəyənlərin sayı çox olsa da, ayrılan məbləğin miqdarı bir o qədər yüksək deyil. Belə bir vaxtda isə bəzi bankların başlamaq istədiyi kredit aksiyaları tikinti şirkətləri üçün ikinci bir nəfəs rolunu oynaya bilər. Belə ki, məlumatlara görə, bəzi banklar öz maliyyə hesabatları vasitəsilə ipoteka krediti verməyə hazırlaşır. Yəni onların ayıracağı vəsait İpoteka Fondundan daxil olan pul hesabına baş verməyəcək. Başqa bir məlumata görə isə, indi bəzi tikinti şirkətləri vəziyyətdən maksimal dərəcədə faydalanmağa çalışır. Yəni onlar öz vəsaiti hesabına ipoteka krediti verən banklarla sövdələşməyə getməyə cəhd göstərir. Həmin sövdələşmənin mahiyyətində isə bankların ayıracağı ipoteka kreditlərinin bu tikinti şirkətlərinə məxsus binalardan mənzil alınmasına yönəldilməsilə bağlıdır. Bunun üçün tikinti şirkətlərinə görə vəsait ayıran bankın müştəriyə təsir imkanı yüksəkdir. Belə olan halda tikinti şirkətlərinin həmin banklara əldə edəcəyi puldan müəyyən vəsait ayıracağı və ya digər formada onlara "xidmət haqqı" qaytaracağı gözlənir. Tikinti şirkətləri bildirir ki, banklar bu sövdələşməyə getsə, əvvəllər həmin bankdan götürdüyü, indi isə qaytarmaqda çətinlik çəkdiyi kreditləri də qısa zaman ərzində geri verə bilər.
Hələlik isə mövcud vəziyyət tikinti şirkətlərinin banklardan əvvəl aldıqları kreditlərin qaytarılmasında çətinliklər yaşandığını göstərir. Buna səbəb tikinti sektorunda böhranın davam etməsidir. Son üç il ümumiyyətlə tikinti bazarında ən böhranlı dövr sayılır. Əvvəlki illərdə tikinti şirkətlərinin sayı artan templə inkişaf edirdisə, son dövrlər bunun əksi müşahidə olunur. Ötən ilin sonlarından etibarən köhnə tikililərdə də işlərin sürəti zəifləyib. Nəticədə tikinti templəri ciddi azalıb. 2 il əvvəl il ərzində Bakıda 100-dən çox binanın təməli qoyulurdusa, indi bu rəqəm 15-20-yə düşüb. Bu onu göstərir ki artıq bazarda yaşayış sahələrinin tikintisində müəyyən azalma prosesi var. Bu müddətdə ölkəmizdə tikinti işlərinin sürəti 3 dəfədən də çox aşağı düşüb. Bu da o deməkdir ki, maliyyə böhranının təsirindən artıq tikinti şirkətləri də xilas ola bilməyib.
Tikinti işlərinin zəifləməsi səbəblərinə toxunan mütəxəssislər bunu tikinti şirkətlərinin əlavə vəsait xərcləmək istəməməsilə bağlayır. Əvvəllər həmin şirkətlər mənzillərin çoxunu tikinti işlərinə başlamazdan öncə satırdı. Sonradan aparılan tikinti işləri də müştərilərdən alınan pullar hesabına boşa gəlirdi. Hazırda satış aşağı düşdüyündən, tikintini davam etdirməyə maraq göstərilmir. Digər tərəfdən tikintilə məşğul olan iş adamları öz maliyyə problemlərini banklardan alınan kreditlər hesabına da qarşılaya bilmir. Banklar tikinti şirkətlərindən böhrandan əvvəl aldıqları kreditləri tələb edirlər. Bu da şirkətləri çıxılmaz vəziyyətə salıb. Həmçinin artıq bankların özlərinin maliyyə problemi var. Bankların əksəriyyəti xaricdən götürdükləri kreditləri qaytarmaqda çətinliklə üzləşib. Bunları nəzərə aldıqda tikinti sektorunun ciddi problemlə üzləşdiyini demək olar.
Mütəxəssislər bildirir ki, tikinti sektoruna yönəldilən investisiyaların həcminin azalması həm də kommersiya bankları üçün hazırda bu sahənin cəlbedici olmaması ilə bağlıdır. O da faktdır ki, tikinti şirkətləri rentabelli olmadığından, vəsaitlərin geri qaytarılması problemə çevrilir.
Bunun nəticəsidir ki, indi tikinti sektoruna yönələn vəsaitlərin strukturuna baxsaq, orada kommersiya banklarının payının heç də çox olmadığını görərik.
Bu sektorda çalışan şirkətlərin böyük məbləğdə kredit götürmək imkanına malik olmadığını vurğulayan iqtisadçılar bildirir ki, durğunluq böyük məbləğli kreditlərin daxil olmasına imkan vermir. Kredit qoyuluşlarının strukturu tikinti sektorunda müşahidə edilən "hərəkətsizliyin" yaxın aylarda da davam edəcəyini göstəriri. Onu canlandırmaq bu sahəyə kreditlərin yönəldilməsi nəticəsində mümkündür.
Ekspertlərin sözlərinə görə, tikintiyə yönəldilən vəsaitlərin məbləğilə sözügüdən sektordakı fəaliyyət arasında birbaşa bağlılıq var. Tikintiyə yönəldilən vəsaitlərin həcmi azdırsa, kommersiya bankları tikinti sektoru ilə işləməkdə maraqlı deyilsə, o cümlədən kredit üçün müraciət edən şirkətlərin sayı ildən-ilə azalırsa, şirkətlərin kredit almasında müəyyən maneələr varsa, bu, tikinti sektorunda potensial canlanma imkanlarını məhdudlaşdırır. Təkliflərin azlığı da bundan xəbər verir. Bankların likvidlik problemilə qarşılaşdığını nəzərə alsaq, onların bu sektora hələlik kifayət qədər böyük məbləğdə vəsait ayırması inandırıcı deyil.