Braziliya İranda zinalığa görə ölümə məhkum edilmiş qadına sığınacaq vəd etdi
Braziliya prezidenti Luiz Inacio Lula da Silva İranda zina etdiyinə görə barəsində ölüm hökmü çıxarılmış qadına sığınacaq verməyə hazır olduğunu bildirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, da Silva bildirib ki, "bu İran cəmiyyəti üçün problemlər yaradırsa, bu zaman Braziliya Sakine Mohammadi Aştianiyəni qəbul etməyə hazırdır.
Xatırladaq ki, Aştianiyə zina etməkdə təqsirli bilinib və daşlanmaya məhkum edilib. Amma təqsirini boynuna almayıb. Braziliya da daxil olmaqla, bu qadının müdafiəsinə qalxmış ölkələrdə İran məhkəməsinin qərarı etirazlara səbəb olub. Silva deyib ki, "İran prezidenti Mahmud Əhmədinejad məni dost adlandırır və mən onunla bu məsələni müzakirə etməyə hazıram".