Türkiyədən qalxan sərnişin təyyarəsi İslamabadda təpəliyə düşdü
Göyərtəsində 152 nəfərin olduğu bildirilən təyyarədə sağ qalan olmayıb
Pakistanın paytaxtı İslamabad şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Pakistanın "Airblue" aviaşirkətinə məxsus sərnişin təyyarəsi paytaxt İslamabad şəhəri yaxınlığındakı Marqalla təpələrinə düşüb.
APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, təyyarə Türkiyədən havaya qalxıb. Təyyarənin içində, 146-sı sərnişin olmaqla, 152 nəfər olub. Hadisə barədə yayılan ilkin məlumatlarda bildirilirdi ki, qəza zonasına göndərilən xilasedicilər 8 nəfərin sağ olduğunu görüblər və onlar olay yerindən evakuasiya edilib. Lakin sonradan bu xəbər rəsmi şəkildə təkzib edildi. Belə ki, xilasedicilər təyyarə qəzasının baş verdiyi yerdə sağ qalmış sərnişin aşkarlamayıblar. Qəzaya uğramış "Airbus-321" təyyarəsinin dağıntıları altından hələlik 90-dan çox adamın cəsədinin qalıqları çıxarılıb. Pakistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saed Azmat Ali bildirib ki, qəza yeri çox çətin relyefə malik ərazidir və cəsədlərin qalıqlarının tapılması istiqamətində iş davam etdirilir. Xilasetmə əməliyyatına bir batalyon əsgər cəlb olunub. Onu da qeyd edək ki, hələlik İslamabad yaxınlığında qəzaya uğramış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşının olub-olmadığı haqda məlumat yoxdur. Bunu APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildiriblər. Səfirlikdən situasiyanın izləndiyini deyiblər.
Xəbər xidməti