Xankəndidə Ermənistan Milli Çempionatının qarşısı alındı
"Nə? Harada? Nə zaman?" oyununun Ermənistana verilmiş lisenziyası geri çağırılıb
Bu ilin may ayında Azərbaycanın işğal olunmuş torpaqlarında - Xankəndi şəhərində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Ermənistan milli çempionatı keçirilib.
Çempionat "Nə? Harada? Nə zaman?" klublarının beynəlxalq Assosiasiyasının rəsmi lisenziyası ilə təşkil olunub. Bununla, Assosiasiyanın beynəlxalq hüququn pozulmasına göz yumması nəticəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə Ermənistan milli çempionatı Azərbaycan ərazisində keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar "Atəşgah" İntellektual Oyunlar Klubu tərəfindən "Nə? Harada? Nə zaman?" klublarının Beynəlxalq Assosiasiyasına etiraz məktubu göndərilib. Assosiasiya rəhbərliyi və Assosiasiyanın Etik məsələlər üzrə komissiyası tərəfindən qəbul edilmiş qərara əsasən, Ermənistan milli çempionatına verilmiş lisenziya geri çağırılıb və Beynəlxalq Assosiasiyanın komissiyalarına qeyd olunan çempionatın nəticələrinin tanınmaması tapşırılıb.