Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib
Birləşmiş Ştatlar daha bir rus qadın casusu ifşa edib. ABŞ Prokurorluğu Amerika vətəndaşı olan Anna Fermanovanı Rusiyaya qanunsuz olaraq hərbi texnologiyalar daşımaqda ittiham edib.
Texas ştatının 24 yaşlı sakini mart ayında Nyu-York aeroportunda Moskva reysinə minən zaman yaxalanıb. Belə ki, onun baqajından Amerika hərbçilərinin yeni istehsalı olan gecə görüntülü "Raptor 4X" optik nişangahı tapılıb. Qızın sözlərinə görə, o, nişangahı İnternet vasitəsilə alıb və onları Dövlət Departamentinin icazəsi olmadan harasa aparmağın qadağan olduğunu bilməyib. Həmin vaxt texnika müsadirə edildikdən sonra Fermanova buraxılıb. O Rusiyada olduğu müddətdə isə Rusiya ilə ABŞ arasında qalmaqal baş verib və qız iyulun 15-də ölkəsinə qayıdan zaman Fermanovanı hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları qarşılayıb. Hazırda o, valideynlərinin evində həbsdədir.