Azərbaycan prezidenti Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dünən Bakıda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, dövlət başçısı türkiyəli nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. İki ölkə ölkə arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən İ.Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıb. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlət başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu deyib.
Öz növbəsində, Z.Çağlayan Türkiyə prezidenti Abdulla Gülün və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını İ.Əliyevə çatdırıb. O, Azərbaycanda böyük inkişaf proseslərinin uğurla davam etdiyini vurğulayıb. Bir il əvvəl Bakıya səfərini xatırlayan türkiyəli nazir ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığını və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd edib. Qlobal maliyyə böhranı fonunda Azərbaycan iqtisadiyyatının ötən il 9% artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını deyib və əldə edilən yüksək nailiyyətlərə görə dövlət başçısını təbrik edib.
Prezident İ.Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.