.jpg)
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə fərman imzalayıb.
APA-nın "AzərTac" agentliyinə istinadən verdiyi xəbərə görə, sənəddə, əsasən Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılıb ki, bütün ölkə ərazisində, mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastrı uçotuna alınmasını həyata keçirsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat versin.
Daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
Öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin. Nazirlər Kabinetinə tapşırılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasında daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etsin.
Üç ay müddətində "Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycanın prezidentinə təqdim etsin.
Qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Azərbaycanın Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.