.jpg)
Məlum olduğu kimi, prezident İlham Əliyev qəzetlərin reklam bazarının aşağı səviyyədə olduğunu mətbuatın 135 illiyilə bağlı etdiyi çıxışında xüsusilə qeyd edib. Prezident bildirib ki, 40 milyon manatlıq reklam bazarının cəmi 2 milyon manatının çap mediasının payına düşməsi ədalətsizlikdir. Dövlət başçısı məsələnin həlli üçün lazımı addımların atılacağını da bəyan edib.
Qeyd edək ki, qəzetlərə reklam verməyən biznes qurumları əsasən banklar və səhmdar cəmiyyətlərdir. Onlar qəzetlərlə əməkdaşlıq etməkdə maraqlı görünmür.
Amma ekspertlər bu qurumların qəzetlərlə əməkdaşlığını vacib sayır.
Media nümayəndələri, ümumiyyətlə, bu sahədə vəziyyətin dözülməz olduğunu bildirir.
Media Hüququ İnstitutunun eksperti Xalid Ağalıyevə görə, reklam bazarının iqtisadi qanunlardan nə dərəcə asılı olduğunu söyləmək çətindir: "İctimai fikrin formalaşmasında qəzetlərin çəkisi aşağı düşdüyü üçün şirkətlər bu sahəyə reklam vermir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycanda qəzetlərə kənardan maliyyələr gəlir: "Mətbuatın iqtisadi bazası qeyri-şəffafdır. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, mətbuatın iqtisadi bazası şəffaf olsun. Azərbaycan mətbuatında işçilərlə müqavilələr bağlanmır, Əmək Məcəlləsinin tələblərinə əməl olunmur. Mətbuatın şəffaflaşması media kapitanlarının da ürəyincə deyil. Reklamlarla, müəyyən gəlirlərlə bağlı gizliliyin saxlanması onlar üçün daha sərfedicidir. Bu istiqamətdə də biz öz işlərimizi qururuq".
Ə.Amaşov həmçinin qeyd edib ki, Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisi, 9 milyona yaxın əhalisi var. Bu qədər əhali, ərazi üçün 5-6, maksimum 10 qəzetin olması kifayətdir. Amma Azərbaycanda bu gün 30-a qədər gündləik, 60-dan çox həftəlik qəzet var. 600-ə yaxın media qurumu fəaliyyət göstərir. Bunlar Azərbaycan media bazarı üçün kifayət qədər çoxdur. Bunların hamısına reklam da çatdırmaq olmaz. Bu o demək deyil ki, ölkədə reklamla bağlı hər şey yaxşıdır. Bu sahədə də ciddi problemlər var. Mənə elə gəlir ki, hər şeyi bazar tənzimləməlidir. Bazar zəif qəzetləri aradan çıxarmalıdır. Azərbaycanda mövcud olan qəzetlər, başqa ölkələrdə olduğu kimi, holdinqlərdə birləşməlidir. Eyni vaxtda müstəqillik əldə etməyimizə baxmayaraq, Azərbaycan mətbuatı Rusiya mətbuatının 1994-95-ci illərini yaşayır.
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin sözlərinə görə, yaxın vaxtlarda şirkətlərin qəzetlərlə əməkdaşlıqda maraqlı olacağını düşünmək olar. Ola bilsin ki, prezidentin məlum çıxışından sonra qəzetlərlə əməkdaşlıq edən, onlara reklam verən şirkətlərin, bankların, səhmdar cəmiyyətlərin sayı artsın: "Amma bir çox qəzetlərin haradan maliyyələşdiyi bəlli deyil. Nəinki qəzetlər, media təşkilatları, siyasi partiyalar da hökumətdən gizli yolla pul alır. Hökumət bu ayırmaları indi rəsmiləşdirmək istəyir. Mən adlarını açıqlamaq istəmirəm, hansı qəzetin haradan maliyyələşdiyini ictimaiyyət yaxşı bilir. Prezident Aparatından və ya ayrı-ayrı nazirliklərdən ayda 4-5 min manat alan qəzetlərə əlavə dövlət yardımlarının ayrılması absurddur. Reklam bazarında vəziyyət getdikcə ağırlaşır. Qəzet bazarını kifayət qədər araşdırmışam və qəti olaraq deyə bilərəm ki, Azərbaycanda müstəqil reklam bazarı yoxdur.
Qəzetin gəliri onun satışından və reklamdan olmalıdır. Reklam yoxdur. Satış da aşağıdır. Qəzetlərin arxasında tirajın 4-5 min göstərilməsinə baxmayaraq, real tiraj 1000-2000 arasındadır. Satış faizi 30-60 arasındadır. Qəzetin birinin satışına görə redaksiyaya 8 qəpik qalır. Mən sizə sual verirəm: 8 qəpik xeyirlə hansı qəzet fəaliyyət göstərə bilər? Mövcud qəzetlərin 99 faizi hakimiyyətdəki mənbələrdən qanunsuz yollarla maliyyələşir. Hər nazirin 3-4 qəzeti var".