.jpg)
Azərbaycanda müxalifət partiyalarının bir araya gəlməsinə mane olan partiya rəhbərlərinin bir-birinə münasibətləridir. Bunu çərşənbə günü Trend-ə "Aydınlar" partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
"Mən uzun müddət AXCP rəhbərliyində çalışarkən belə birliyin baş tutması üçün çox cəhdlər etmişəm, lakin təcrübə göstərir ki, bu birlik nəzəri cəhətdən mümkün olsa da, praktikada çoxlu maneələrlə qarşılaşır. Partiya sədrləri aralarındakı intriqaları, ittihamları kənara qoyub birləşmək haqqında düşünməlidir" - Əlibəyli əlavə edib.
İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir.
Partiya sədri deyib ki, birlik baş tutarsa, "Aydınlar" partiyası da bu birliyə qoşulmaq barədə düşünə bilər. "Lakin bu iki partiya yalnız özləri bir araya gəlmək istəyir və digər partiyaları yaxın buraxmaq istəmir". Prinsip etibarilə bu birlik mümkündür. Belə bir birlik baş tutarsa, "Aydınlar" partiyası da bu birlikdə iştirak edə bilər" - Əlibəyli qeyd edib.