.jpg)
Dünən ölkə mətbuatında müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Liberal Partiyanın (ALP) seçki bloku yaratmaq planları barədə məlumat yayılıb. Yaradılacaq blokun, artıq siyasi fəaliyyətinə xitam vermiş "Azadlıq" blokuna alternativ olacağı planlaşdırılır.
Artıq blokun yaradılması istiqamətində hazırlıq işlərinin aparıldığı da mediaya bildirilib. Xatırladaq ki, bu barədə informasiyanı VİP sədri Əli Əliyev mətbuata açıqlayıb. Partiya sədri bloku təsis edəcək təşkilatların adını açıqlamayıb. Bundan başqa, bu vaxta qədər "Azadlıq" blokunda əməkdaşlıq edən hər iki partiyadan (VİP və ALP-dən) başqa, bloka bir partiyanın da qoşulacağını əlavə edib. Əli Əliyev hazırda məsələ ilə bağlı ciddi məsləhətləşmələr getdiyindən, qəti qərar qəbul olunmadığını və alternativ blokun yaradılması prossesinin sentyabradək təxirə salındığını deyib.
Gələcəkdə yaradılması planlaşdırılan alternativ bloka daxil olacaq digər partiyaların mövqeyini öyrənməyə çalışdıq. Xüsusən də müzakirələrdə iştirak edən ADP və Ümid partiyalarının partiya olaraq blokda təmsil olunacaqları fikrinə münasibət öyrəndik.
Məsələyə münasibət bildirən ADP-nin sədr müavini Həsrət Rüstəmov müxalifətin böyük seçki blokunun yaradılmasının daim tərəfdarı olduqlarını vurğuladı. Bununla yanaşı o, eyni zamanda 2-3 blokun birləşməsinin də tərəfdarı olduğunu dedi. Müxalifət düşərgəsi bloklaşmış şəkildə seçkilərə qatılacağı təqdirdə bunun müəyyən mənada passiv və naümid seçici elektoratının yenidən canlanmasına rəvac verəcəyini bildirən partiya funksioneri bu fikri dəstəklədiklərini bildirdi: "Biz bu variantın əleyhinə deyilik. Və elə bunun özü də müxalif elektoratın seçkilərə gəlib öz namizədlərinə səs verməsinə yeni bir vüsət verəcək. Bu barədə müəyyən partiyalardan da müraciətlər olub. Hələ ki, konkret bir şey olmadığı üçün dəqiq heç nə deyə bilmərəm. Hazırda müzakirələr aparılır". Ancaq indiki halda partiyanın heç bir qərarının olmadığını vurğulayan H.Rüstəmov, Lalə Şövkət və Əli Əliyev birliyinin gələcəkdə qarşılaşa biləcəkləri konfiqurasiyalardan biri olmasını da istisna etmədi. Bu baxımdan, indidən hər hansı bir fikrin səsləndirilməsinin tez olduğunu dedi.
Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Rəfael Tağızadə isə danışıqların hələ blok səviyyəsində müzakirə edilmədiyini əsas gətirərək, konkret heç nə deyə bilməyəcəyini, ancaq gələcəkdə yaradılacaq hər bir blokla tərəfdaş olacağını bildirdi: "Müəyyən danışıqlar gedir. Aparılan danışıqlar blok səviyyəsində deyil. Elə demək olar ki, danışıqlar səviyyəsindədir. Hələ yaradılması planlaşdırılan blokun adı da bəlli deyil. Buna görə də, ortada konkret bir şey olmadığı üçün nəsə demək mümkün deyil". Sonda ümumi bir blokun yaradılmasının gündəmdə olduğunu vurğulayan partiya funksioneri müzakirələrdə bir çox partiyaların iştirakını qeyd etdi.