.jpg)
"Bizi dünən İmişli rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev qəbul etdi. Ancaq heç bir fərqli fikir demədilər. Bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin yaratdığı komissiya Allahmədədli kəndinə baxıb və qərarını verib. Kənd köçürülməlidir.
Yaxınlıqda salınan qəsəbə də bu məqsədlə tikilir. Kim köçmək istəmirsə, ərizə yazmalıdır ki, mən kəndimi tərk etmək istəmirəm. Həmçinin dedilər ki, kənddən 4 kilometr aralıda, Kürdəmir ərazisində tikilən 56 evin də tikintisi dayandırlmayacaq". Bunu ANS PRESS-ə iki gün öncə Prezident Administrasiyasının qarşısında aksiya keçirən İmişli rayonu Allahmədədli kənd sakinlərindən biri Elçin Rüstəmov deyib. E.Rüstəmov onu da deyib ki, kənd sakinləri buna razı olmayıb.
Öz növbəsində, İmişli rayon icra hakimiyyəti başçısının müavini Səfa Ağayev ANS PRESS-ə deyib ki, narazı sakinlər qəbul edilib və onların şikayətləri dinlənib: "Biz heç kimi məcbur etmirik ki, kənddən köçsün. Amma orada 56 ailə yaşayır. 49 ailə köçür, 7 ailə yox. Heç kimi də məcbur etmirik. Nə istəyənləri, nə istəməyənləri".
S.Ağayev onu da deyib ki, Fövqəladə Hallar Nazirliyinin yaratdığı xüsusi komissiya kəndlə bağlı qərar verib. Allahmədədli daşqın bölgəsinə yaxın olduğu və hər an oranı sel təhlükəsi gözlədiyi üçün kəndin köçürülməsi barədə qərar verilib: "Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə daşqın bölgəsində 500 ev tikilməlidir. Bunun üçün vəsait ayrılıb, işlər gedir. Amma təkrar edirəm ki, heç kimi zorla köçürmürük. Sadəcə, hər an təhlükə ola bilər deyə, o insanlara məsləhət verilir ki, Kürün bəndinə yaxın ərazilərdən çıxsınlar. Bir-iki ay əvvəl indi köçmək istəməyən insanların evləri ağzına kimi su ilə dolmuşdu".
Yardımlarla bağlı məqama da toxunan icra başçısının müavini deyib ki, hal-hazırda dəyən zərərin müəyyənləşdirilməsi prosesi gedir. Sonrakı mərhələdə hər kəsə maddi yardımı ediləcək.
Xatırladaq ki, iyulun 26-da 50-yə yaxın İmişli rayon Allahmədədli kənd sakini Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Şikayətçiləri Prezident Administrasıyasının bölgə üzrə kuratoru Dəyanət Abdullayev qəbul edib və onların şikayətlərini dinlədikdən sonra sakinlər Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabinetində kənd sakinlərini baş nazirin müavini Abid Şərifov qəbul edib. Onların şikayətləri dinlənib və ərizələri alınıb.
Sonra şikayəçilərdən üç nəfər seçilib və onlar Fövqəladə Hallar Nazirliyinə aparılıb. Nazirlikdə şikayətçiləri fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev qəbul edib. Sakinlərə bildirilib ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılacaq. Problem İmişli rayon İcra Hakimiyyətilə birlikdə yoluna qoyulacaq və məsələ həll olunarkən kənd sakinlərinin istəyi nəzərə alınacaq.