Türkiyənin Azərbaycandakı səfirliyi yaxın günlərdə bir qrup jurnalisti mükafatlandıracağını dedi
.jpg)
Dünən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasının yeni ofisinə baş çəkib. O, Şuranın yeni ofisinə təşrif gətirən ilk xarici qonaq və diplomatik nümayəndə olub.
Səfir MŞ sədri Əflatun Amaşovu və həmçinin bütün ölkə jurnalistlərini milli mətbuatımızın yubileyi münasibətilə bir daha təbrik edib, əlamətdar ildönümü günündə media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülməsindən, Mətbuat Şurasının müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. H.Kılıç bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan türkdilli xalqların jurnalistlərinin toplantısı barədə də ətraflı məlumat verib. Səfir tədbirin türk dünyası birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəmə malik olduğunu vurğulayıb. Qonaq qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə - Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağı barədə də danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov səfir H.Kılıça səmimi minnətdarlığını bildirərək, Milli Mətbuatımızın 135 illik yubileyilə bağlı ölkədə keçirilən tədbirlər barədə geniş məlumat verib. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Şuranın yeni binasının açılışında iştirakına, MŞ üzvlərilə görüşdəki çıxışında ifadəsini tapan məqamlara toxunaraq bunu ölkə mediasına və jurnalistlərə yüksək qayğı nümunəsi kimi qiymətləndirib. Şura sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni mərhələsidir.