KİV DF direktorunun "jurnalist-mənzil şəhərciyi" ideyası ətrafında müzakirə açıldı
Ceyhun Musaoğlu: "Bir-birini yaxından tanımaq və jurnalist həmrəyliyi baxımından ideya uğurludur"
.jpg)
Ölkə başçısının mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 5 milyon manatın ayrılması ilə bağlı verdiyi son sərəncamdan sonra onun reallaşdırılması ilə bağlı bir sıra təkliflər səslənməkdədir.
Təkliflər, əsasən binanın tikiləcəyi yerlə bağlıdır. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirib ki, həmin məsələ ilə bağlı iş hələlik danışıqlar səviyyəsindədir: "Öncə bizə müəyyən yerlər təklif olunmalıdır ki, ora baxış keçirə bilək. Bina ilə bağlı yerin tapılması Prezident Administrasiyası və Bakı Şəhər İcra Hakimiyyəti səviyyəsində həll ediləcək". O, bütün hallarda, bina üçün ən yaxşı yerin ayrılmasına çalışacaqlarını da bildirib: "Ona görə də tələsməyə ehtiyac görmürük. Gələn təklifləri dəqiqliklə qiymətləndirəcəyik. Son qərar isə ümumi məsləhətləşmələrdən sonra veriləcək". V.Səfərli həmçinin qeyd edib ki, mətbuat şəhərciyi qurulacaq: "Böyük ehtimalla, daha öncə də danışdığımız kimi, mətbuat şəhərciyi qurulacaq. İlk olaraq bir-iki bina tikiləcək. Sonradan güman ki, onların sayı da artacaq. İstəyirik ki, bu binalar kompakt bir yerdə olsun. Jurnalistlərin bir yerdə yaşaması yaxşı hal ola bilər". Görəsən, Fond rəhbərinin mətbuat şəhərciyinin olması ilə bağlı dediklərinə jurnalistika sahəsində baş ağardanların münasibəti necədir?
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu belə bir işə yaxşı baxsa da, jurnalistlər üçün ayrıca şəhərcik salınmasını başa düşmədiyini bildirdi: "Bu yaxşı effekt verə bilər. Amma xəyaldır. Real nədirsə, onu etmək lazımdır. Evsiz jurnalistlərimiz var, onların mənzillə təmini istiqamətində addım atılıb. İndi onun həyata keçməsi üçün çalışmaq lazımdır. Qeyri-real layihələrin gündəmə gətirilməsi isə, fikrimcə, bizi yaxşı vəziyyətə gətirməz. Dünyada jurnalistlər özlərinə ev ala bilən peşə sahibləridir. Azərbaycanda isə, təəssüf ki, jurnalistlər ev ala biləcək qədər para qazanmır. Media təmsilçiləri elə bir zəif sosial təbəqənin nümayəndəsi deyillər ki, kimsə onlar üçün şəhərcik salsın. Çalışmalıyıq ki, onların mənzillə təmin olunmasını təşkil edək. Bu istiqamətdə addım atılıb, indi onun üzərində dayanmaq gərəkdir".
Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu isə bir-birini yaxından tanımaq, jurnalist həmrəyliyinin yaranması baxımından ideyanı alqışladı: "Son dövrlər Azərbaycan mətbuatının inkişafı yolunda atılan addımları təqdir etməmək mümkün deyil. Evsiz jurnalistlərə mənzil verilməsi məsələsi isə xüsusilə təqdirəlayiq hadisədir. Buna görə dövlətimizə, hökumətimizə minnətdarıq. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranan gündən atılan bütün addımlar jurnalistikanın inkişafı ilə bağlı olub. Keçirilən müsabiqələr də, qəribədir ki, çox sakit tərzdə keçir. Bu günə kimi bununla bağlı kütləvi şəkildə etiraz edənlər olmayıb. Bunlar hamısı müsbət tendensiyalardan xəbər verir. Jurnalistlər üçün ayrıca şəhərciyin olmasına gəldikdə, bunun özü də ekzotik mənzərə baxımından maraqlı sayıla bilər. Dünya praktikasında belə halın olub-olmadığını deyə bilmərəm. Jurnalistlərin hamısının bir yerdə yaşamasının özü də maraqlı və gözəldir. Belədə bir-birimizi daha yaxından tanıyacağıq. İnformasiya mübadiləsi baxımından da bu variant uğurludur. Ən azından, işdən sonra bir yerə toplaşıb problemləri birgə müzakirə edəcəyik. Xaricdən gələn qonaqlar da mənzərəni görüb bihuş olacaq. Jurnalistlərin bir şəhərcikdə toplaşması birliyin yaranması baxımından da önəmlidir. Qəbul etdiyimiz "Əxlaq Kodeksi"ndə jurnalist və qəzetlərin bir-birinə dəstək verməyə borclu olduğu göstərilsə də, hazırda onların birliyi yoxdur. Hətta şəhərciyin girəcəyində "Jurnalist şəhərciyi" sözləri yazmaqla da ictimaiyyətin diqqətini bura cəlb etmək olar. Şəhərcikdə jurnalistikaya aid muzeyin olması da pis olmazdı. Gələn qonaqların Azərbaycan jurnalistikasının nədən ibarət olduğu sualına cavab vermək üçün onları belə şəhərciklərə aparmaq kifayətdir".