Mirmahmud Mirəlioğlu DUİ-nin Müsavat-AXCP birliyinə qoşulması barədə məlumatlarda tarixin təhrif olunduğunu dedi
Müxalif Demokratiya Uğrunda İttifaqın (DUİ) Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil. Bunu çərşənbə günü Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
"Kimlərsə gələcəkdə DUİ-nin bu birliyə qoşulmasından danışırsa, bu doğru deyil. Ona görə ki, bu birliyin müəllifi DUİ-nin özüdür və birlik ideyası DUİ-yə məxsusdur. Sadəcə olaraq, biz "Azadlıq" blokuna birlikdə fəaliyyət göstərməyi təklif edərkən bizə bildirmişdilər ki, həmin blokdakı partiyaların məramları Müsavat Partiyası ilə düz gəlmədiyinə görə blok bizim təklif etdiyimiz birliyə qoşula bilmir. Buna görə AXCP də prosesdən kənarda qalmışdı. "Azadlıq" blokunun siyasi fəaliyyətinə xitam verildikdən sonra AXCP bu məsələyə qoşulub. Kimlərsə DUİ-nin Müsavat-AXCP birliyinə qoşulmağından danışırsa, bu doğru yanaşma deyil və tarixi saxtalaşdırmaqdır" - Mirəlioğlu əlavə edib.
Demokratiya Uğrunda İttifaqı 2005-ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yaradıb. 2008-ci il sentyabrın əvvəllərində Böyük Azərbaycan, noyabr ayında isə Xalq partiyaları DUİ-yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.
Mirəlioğlu mətbuatda müzakirə olunan məsələlərin reallıqla bağlı olmadığını deyib.
"Birinci mərhələdə bir sıra işlər görmüşük. Müsavat ilə namizədləri razılaşdırmışıq. Bizim nəzərdə tutduğumuz plan irəliləməkdədir. AXCP isə növbəti mərhələdə proseslərə qoşulub. Sadəcə, bir-iki jurnalistin, köşə yazarının təxəyyülü güclüdür deyə, bir az da irəli gedirlər və bu məsələyə münasibət bildirərkən hətta AXCP-Müsavat birliyindən danışırlar. Bu onların öz işidir, ancaq siyasi proseslər heç də belə deyil" - Mirəlioğlu bildirib.
İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir. Azərbaycan mətbuatında da bu iki partiyanın birləşəcəyi barədə fikirlər səslənir.
"Bizim siyasətimiz budur ki, DUİ, Müsavat və AXCP birgə fəaliyyət göstərsin. Nə mümkündürsə, onu edirik. Bu baş tutacağı təqdirdə, 125 dairənin hamısında namizəd irəli sürəcəyik" - Mirəlioğlu deyib.