.jpg)
Meksika körfəzində üzləşdiyi qəzadan sonra dünya mediasının gündəmində adı daha çox hallanmağa başlayan BP şirkətinin rəhbər strukturlarında edilən dəyişiklik müxtəlif məlumatların yayılmasına səbəb olub. Həmin məlumatlara görə, Robert Dadli şirkət rəhbərliyinə gəldikdən sonra BP-nin xarici fəaliyyətində ciddi dəyişikliklər baş verəcək.
Hətta iddia edilir ki, yeni təyinatdan sonra BP xarici partnyorlarla münasibətlərə yenidən baxacaq. Hətta şirkətin konkret Rusiya və Azərbaycanda fəaliyyətini donduracağı və ya minimal həddə salacağı barədə məlumatlar da səsləndirilir. Eyni zamanda, əvvəlki kimi BP-nin Azərbaycandakı payını satacağı istisna olunmur. Lakin şirkətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Tamam Bayatlı yenidən bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, BP-nin Azərbaycanda nəinki paylarını satmaq fikri yoxdur, hətta Azərbaycandakı işlərini genişləndirmək niyyətindədir. Bu yönümdə də çox ciddi addımlar atılır".
,Tamam Bayatlı "Azadlıq" radiosuna açıqlamasında, həmçinin şirkətin Azərbaycanda bir sıra proqram və layihələrini ixtisara salması haqda deyilənləri də təkzib edib: "Biz Azərbaycanda heç nəyi ixtisara salmırıq. Əksinə, biznesimizi genişləndiririk. Bununla bağlı bu yaxınlarda Azərbaycan hökumətilə yeni hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləri də razılaşdırılıb. Və BP prezidenti Toni Heyvard Azərbaycanda olarkən bu haqda sənəd də imzalayıb. Bu, "Şəfəq-Asiman" strukturlarının birlikdə işlənməsi və kəşfiyyatı haqqında hasilatın pay bölgüsü sazişinin kommersiya şərtləri idi. Bu il ərzində həmin sazişin imzalanması gözlənir.
Xatırladaq ki, BP neft şirkəti baş direktor vəzifəsinə yeni təyinatı rəsmən təsdiqləyib. Şirkətin baş ofisinin yaydığı məlumata görə, bu şəxs 2003-2008-ci illərdə "TNK-bp" Britaniya-Rusiya birgə müəssisəsinin prezidenti vəzifəsində çalışmış, 2009-cu ildən isə BP-nin Direktorlar Şurasının üzvü olan Robert Dadlidir. O da faktdır ki, BP-nin Meksika körfəzində üzləşdiyi problemi aradan qaldıra bilməməsi şirkətin zərərlərini durmadan artırır. Bu, Britaniya tarixində bir şirkətin məruz qaldığı ən böyük itkilərdən sayılır. Lakin demək olmaz ki, nəhəng itki şirkətin çökməsi təhlükəsini reallaşdırıb. Qəzanın xərclərini kənara qoysaq, BP-nin maliyyə vəziyyəti yaxşıdır.
Başqa əməliyyatlardan şirkət xeyli gəlir götürüb. Elə bu xeyir də çox vaxtına düşüb. Çünki Meksika körfəzindəki neft ləkəsinin təmizlənməsinə 30 milyard dollara kimi nəhəng məbləğ tələb oluna bilər.
Bu isə istənilən şirkət üçün böyük zərbədir. BP bəyan edib ki, lazımi vəsaiti əldə etmək üçün elə 30 milyard dollar məbləğində əmlakını satacaq. Bundan əlavə, neft nəhəngi 3 aydan sonra baş müdiri Toni Heyvardın təqaüdə çıxacağını bildirib. Heyvard qəza ilə bağlı fəaliyyətinə görə kəskin tənqidə məruz qalmışdı. BP sədri Karl Henrik Svanberq bildirib ki, cənab Heyvardın özü və BP-nin Sədrlər Şurası razılaşıb ki, baş müdir vəzifəsindən getməlidir. BP şirkəti bəyan edib ki, onun baş icraçı direktoru Toni Heyvard oktyabrın 1-də vəzifəsini tərk edəcək. Bundan başqa, şirkət aprel-iyun aylarında 17 milyard dollar itki verdiyini açıqlayıb. Bu itkiyə səbəb Meksika körfəzində baş vermiş qəza və onun fəsadlarının aradan qaldırılmasına tələb olunan xərclərdir: "Bu Toni Heyvard və şuranın birgə qərarı idi. Toni Heyvard 30 il ərzində şirkət üçün böyük işlər görüb. Son 2 ildə baş direktor işləyib və Meksika Körfəzində baş vermiş fəlakətlə mübarizədə misilsiz rəhbərlik nümayiş etdirib. Lakin o, realist və namuslu bir adamdır. Hamımız belə bir nəticəyə gəldik ki, reputasiyamızı bərpa etmək üçün, lider mövqeyimizə qayıtmaq üçün bizə yeni rəhbərlik lazımdır. Bunu da bu gün elan edirik."
17 milyard dollar itkiyə baxmayaraq, BP sədri cənab Svanberq şirkətin ümumi işlərinin yaxşı getdiyini bildirib: "Əlbəttə, bu böyük bir itkidir və hər şeyi kölgədə qoyur. Amma əslində şirkət çox yaxşı nəticələr əldə edib. Dünya üzrə bizim gəlirli əmlakımız var, nəğd pul axını da sabitdir. Eləcə də, elan edirik ki, 25-30 milyard dollar məbləğində əmlakımızı satmaq niyyətindəyik. Qoy heç kimdə bizim maliyyə vəziyyətimizə və bu çətinliklərdən çıxmağa qadir olmağımıza dair şübhə olmasın. Əlbəttə, baş verənlər faciədir və ağır fəsadlarla nəticələnib. Lakin biz tam əminik ki, şirkətimizin reputasiyasını bərpa edə biləcəyik."