Cenevrədə ATƏT və Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya-Gürcüstan danışıqları başlayıb
Cenevrədə Rusiya, Gürcüstan və onun iki separatçı bölgəsi - Abxaziya və Cənubi Osetiya nümayəndələrinin iştirakı ilə beynəlxalq vasitəçilərin apardığı danışıqların yeni dövrəsi başlanıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu danışıqlarda məqsəd bölgədə 2008-ci ildə baş vermiş zorakılıqların təkrar olunmasının qarşısının alınmasıdır. Bundan əvvəl Abxaziya liderləri bildirmişdilər ki, danışıqlarda real tərəqqinin olmaması üzündən danışıqlardan çıxırlar. Lakin BMT-nin nümayəndəsi Yelena Ponomaryova bildirib ki, tərəflərin hamısı 12-ci raunda qatılıb. Danışıqlar Avropa İttifaqı və ATƏT-in vasitəçiliyilə keçirilir. Bu arada cənubi Osetiyada aparıcı insan haqları fəallarından biri ağır basqına məruz qalıb.
Müstəqil qəzetin redaktoru və Dəmir Respublikaçı Partiyasının lideri Timur Tsoxrebov onadək naməlum şəxs tərəfindən döyüldükdən sonra xəstəxanaya düşüb,
Tsoxrebov Cənubi Osetiya Rusiya tərəfindən tanındıqdan sonra üzə çıxmış azsaylı fəallardan biridir. Bu qruplar bu yaxınlarda Cenevrə danışıqlarına gürcü fəallarla birgə imzalanmış məktub göndərmişdilər.
Bəzi ehtimallara görə, jurnalistə basqının arxasında məhz bu dura bilərdi. Bu günlərdə prezident Kokoytının Cenevrə danışıqlarındakı daimi nümayəndəsi Çorçiyev yerli televiziyaya müsahibəsində birgə məktubu kəskin şəkildə tənqid edib və onu imzalayanları osetin xalqının satqınları adlandırıb. O deyib ki, bu məktub Cənubi Osetiyanın danışıqlardakı mövqeyinə ziyan vurur və Cənubi Osetiyanın beynəlxalq arenda tanınmasına əngəl yaradır.