.jpg)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/ DTİHB) noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. APA-nın məlumatına görə, ATƏT/DTİHB Azərbaycanda seçkiləri izləmək üçün artıq müşahidəçilər qrupu formalaşdırmağa başlayıb, müşahidəçi yeri üzrə müsabiqə elan olunub.
Gözlənir ki, ATƏT/DTİHB kampaniya və seçki hazırlıqlarını izləmək üçün 30 uzunmüddətli müşahidəçinin və seçki günü prosedurlarını, o cümlədən səsverməni, səslərin sayılması və nəticələrin protokollarının doldurulmasını izləmək üçün 450 qısamüddətli müşahidəçini Azərbaycana ezam edəcək.
Xatırladaq ki, parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanın ATƏT-dəki Daimi Missiyasının dəvəti əsasında ATƏT/DTİHB 21-24 iyun tarixlərində Azərbaycanda Ehtiyacların Qiymətləndirilməsi Missiyasını (EQM) həyata keçirib. Seçki Departamentinin rəhbəri Nikolas Kajorovski və Baş Seçki Mütəxəssisi Conatan Stounstritdən ibarət missiya Bakıda hökumət orqanları, seçki administrasiyası, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və diplomatik ictimaiyyətin nümayəndələrilə görüşlər keçirib.
DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının iyulda dərc olunmuş hesabatında seçkiləri Müşahidə Missiyasının (SMM) tətbiqini tövsiyə olunur.
Hesabatda deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında müəyyən çətinliklər var. Xüsusilə, Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq məhduddur. Azərbaycanda media azadlığı sahəsində müəyyən məhdudiyyətlərin olması demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır: "2010-cu ilin iyun ayında Seçki Məcəlləsində mühüm düzəlişlər edilib. Düzəlişlərə əsasən, namizədlər üçün dövlət tərəfindən maliyyələşdirmə ləğv olunub, 2008-ci ilin iyun ayında aparılan düzəlişlərlə yarıya bölünmüş ümumi seçki müddəti, kampaniya dövrü də daxil olmaqla, daha da qısaldılıb. Belə ki, 2005-ci il parlament seçkilərindən etibarən seçki kampaniyası üçün əlverişli olan vaxt müddəti 60 gündən 23 günə salınıb. Rəsmi kampaniya dövrü yığıncaqlar və toplantılar keçirmək və kütləvi informasiya vasitələrində çıxış etmək imkanı nöqteyi-nəzərindən namizədlərə və partiyalara xüsusi hüquqlar verir. Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri nəzərə alaraq, Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını müəyyən qədər məhdudlaşdırır".